2025-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpasına 5 milyard manata yaxın vəsait sərf edilib
2025-ci ildə ölkəmizdə bütün maliyyə mənbələrindən əsas kapitala 21 milyard 226.1 milyon manat vəsait yönəldilib ki, bunun da 16 milyard 18 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Xüsusilə həmin dövrdə işğaldan azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin 30,7 faizini təşkil edib. Bu isə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası uğurla davam etməsi deməkdir.
Qeyd edək ki, 2025-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti-quraşdırma işlərinə 4 milyard 911,2 milyon manat vəsait sərf edilib. Ən çox vəsait isə Kəlbəcər (994.6 milyon 11 min manat), Ağdam (740 milyon manat) və Zəngilan (731 milyon manat) rayonlarına ayrılıb. Əlavə edək ki, 2020-ci ildən 2026-cı ilə qədər azad edilmiş ərazilərin bərpası üçün 25 milyard manatdan çox vəsait ayrılıb. Bunun da 3,5 milyard manatı 2026-cı il büdcəsində nəzərdə tutulub. Həmin vəsaitlərin əksəriyyəti orta və uzunmüddətli perspektivdə iqtisadiyyat üçün əhəmiyyətli əlavə dəyər yaradacaq infrastruktur layihələrinə yönəldilir.
Bundan başqa, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan və bu qurumda müşahidəçi qismində iştirak edən dövlətlər də işğaldan azad edimiş ərazilərdə sosial obyektlərin tikintisinə töhvə verirlər. Bu tendensiya həmin qardaş ölkələrin milli- mənəvi və ortaq tarixi dəyərlərlə bağlılığından qaynaqlanır. Eyni zamanda, yaxın gələcəkdə Zəngəzur dəhlizinin Orta Dəhlizin əsas seqmentinə çevriləcəyi məsələsi də bu bölgəyə iqtisadi maraqları artıran digər önəmli tendensiyadır. Bir sözlə, bu torpaqların dirçəlişi TDT üçün yeni bir iqtisadi nəfəs, ortaq gələcəyə açılan qapı deməkdir. Məsələn, Zəngəzur dəhlizi sayəsində İstanbuldan yola çıxan bir qatarın Bakıdan keçərək Mərkəzi Asiyaya, oradan isə Çinə qədər maneəsiz irəliləməsinin reallığa çevrilməsinə az qalıb. Bu isə həm TDT, həm də bu yoldan yararlanacaq digər ölkələr üçün on milyonlarla dollar vəsaitə qənaət deməkdir.
Ölkəmizdə bu istiqamətdə həyata keçirilən layihələrin əsas hissəsi artıq tamamlanıb. Dəmir yolları, Bakı Ticarət Limanı, avtomobil magistralları və hava limanları daxil etməklə, nəqliyyat infrastrukturu demək olar ki, tam hazır vəziyyətə gətirilib. Zəngəzur dəhlizinə gəldikdə isə, avtomobil yolunun təxminən 90 faizi, dəmir yolunun isə 70 faizə yaxın hissəsi artıq tikilib. Sözügedən marşrut Orta Dəhlizin tərkib hissəsi kimi çıxış edəcək. İnşa edilən dəmir yolu infrastrukturu ilkin mərhələdə 15 milyon ton yük daşınmasına hesablanıb. Azərbaycan bu prosesdə məsuliyyətli və düşünülmüş mövqe nümayiş etdirərək öz milli maraqlarını qoruyur, eyni zamanda, beynəlxalq səviyyədə yeni nəqliyyat imkanlarının yaranmasına töhfə verir.
Məlumdur ki, bu gün TDT-yə üzv olan 5 dövlət və 2 müşahidəçi ölkələrin birlikdə illik ÜDM-i 1,5 trilyon ABŞ dollarından çoxdur. Həmçinin qarşılıqlı ticarət dövriyyəsi isə 1,2 trilyon dollara yaxındır. Dünyanın ümumi ticarət dövriyyəsinin təxminən 2,5 faizi artıq türk dövlətlərinin payına düşür.
Burada bir önəmli fakta da diqqət yetirmək lazımdır ki, Xəzər hövzəsində zəngin qaz ehtiyatlarına malik Türkmənistanın gələcəkdə TDT-yə tamhüquqlu inteqrasiyası və ümumi enerji sisteminə qoşulacağı halda təşkilatın iqtisadi çəkisi daha da artacaq. Bundan başqa, Türk dünyasının zəngin turizm imkanlarını vahid platformada birləşdirmək məqsədilə «Müqəddəs İpək Yolu Turu» kimi ortaq marşrutlar üzərində də iş aparılır. Bununla da Zəngəzur dəhlizi vasitəsi ilə böyük həcmdə valyuta gətirən bir sahənin- turizmin də ikişafı genişlənəcəkdir.
Elçin Zaman, «İki sahil»