“Lufthansa” aviaşirkətinin və törəmə şirkətlərinin pilotları bu gün başlatdıqları ikigünlük tətilin daha iki gün uzadılacağını bəyan ediblər.
“İki sahil” xəbər verir ki, pilotların həmkarlar ittifaqı təşkilatı “Kokpit ittifaqı”nın saytında yerləşdirilən məlumatda tətilin aprelin 15-də və 16-da da davam etdiriləcəyi bildirilib. Bundan başqa, təşkilat üzvlərini aprelin 15-də Frankfurt hava limanında keçiriləcək yürüşə qoşulmağa çağırıb.
“Lufthansa”nın əsas, eləcə də “Eurowings”, “Lufthansa CityLine”, “Lufthansa Cargo” kimi bir sıra törəmə şirkətləri əhatə edən tətilin birinci günündə - aprelin 13-də 700-dən çox aviareys ləğv edilib.
“Kokpit ittifaqı”nın sədri Andreas Pinheyro “Lufthansa” şirkətinə ciddi təklif irəli sürmək üçün dəfələrlə kifayət qədər vaxt verilsə də, edilən təkliflərin qənaətbəxş olmadığını bildirib. O, həmkarlar ittifaqı təşkilatının danışıqlara hazır olduğunu, bunun üçün real danışıqlara uyğun təkliflərin təqdim olunmasının vacibliyini qeyd edib. Bu tələblər “Lufthansa”, “Lufthansa Cargo” və “Eurowings”də pensiya təminatı, “Lufthansa CityLine” şirkətində isə əməkhaqqı ilə bağlıdır.
Qeyd edək ki, Yaxın Şərqdə mövcud vəziyyətlə əlaqədar tətilin Almaniyadan Azərbaycan, Misir, Bəhreyn, İraq, İsrail, Yəmən, İordaniya, Qətər, Küveyt, Livan, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirilən uçuşlara təsir etməyəcəyi bildirilib.