16 aprel 2026 22:15
142

Sahibkarlara dövlət dəstəyi genişlənir

Bu müsbət tendensiya qeyri-neft sektorunun inkişafında önəml amildir

Bu gün Azərbaycanda sahibkarlığın stimullaşdırılması məqsədilə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri daha da inkişaf etdirilir. Eyni zamanda, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramlar icra olunur. Məhz ölkəmizdəki bu müsbət tendensiyaya görə iqtisadi və sosial tərəqqinin əsas göstəricisi sayılan ümumi daxili məhsul (ÜDM) istehsalında artım qeydə alınıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə ölkədə 129,1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artmışdır.

ÜDM istehsalının 33,0 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 12602,2 manata bərabər olmuşdur.

Xüsusi vurğulamaq lazımdır ki, dövlətin  sahibkarlara dəstəyi 2026-cı ildə daha genişlənib. Belə ki, cari ilin aprelin 1-nə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 707,3 milyon manat kredit verilib, bunun 23,2 milyon manatı 2026-cı ilin I rübünün payına düşüb.

Fonddan mətbuata verilən məlumatda bildirilir ki, mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, qurumun sahibkarlıq kreditləri üzrə hesabladığı faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,8  faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manata qədər təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib. Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6 000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, Prezident İlham Əliyevin  24 avqust 2022-ci il tarixli Fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmləri uğurla tətbiq edilməkdədir. Portfel təminatı mexanizmi çərçivəsində indiyədək 426 sahibkarın aldığı 7,1 milyon manat kreditə 5,3 milyon manat, 2026-cı ilin I rübündə isə 62 sahibkarın 1,6 milyon manat kreditləri üzrə 1,2 milyon manat zəmanət verilib. İstiqraz emissiyası üzrə öhdəliklərin təmin edilməsi mexanizmi çərçivəsində ümumilikdə 10 milyon manatlıq istiqraz buraxılışına 6 milyon manat məbləğində zəmanət təqdim edilib.

Son illərdə Azərbaycanda sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdən biri də əsassız yoxlamaların qadağan edilməsidir. Göründüyü kimi, zəngin sahibkarlıq subyektlərinin formalaşdırılması iqtisadi inkişafının təməl prinsiplərindən biri hesab olunur. Çünki zəngin sahibkar güclü iqtisadiyyat, çoxsaylı iş yeri, ərzaq bolluğu, bir sözlə, firavan həyat deməkdir.

Elçin Zaman, «İki sahil»