16 aprel 2026 22:57
146

Azərbaycanın qeyri-neft ixracında artım tendensiyası güclənir

Qlobal iqtisadi çağırışların davam etdiyi müasir şəraitdə Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac potensialının genişləndirilməsi prioritet istiqamətlərdən biri olaraq qalır. Hökumətin həyata keçirdiyi iqtisadi islahatlar, ixracın təşviqi mexanizmləri və biznes mühitinin yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunda müsbət dinamika müşahidə olunur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən təqdim edilən “İxrac icmalı”nın 2026-cı ilin mart sayına əsasən, cari ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz artaraq 580,7 milyon ABŞ dolları təşkil edib.

Məhsullar üzrə daha kəskin artım

Hesabat dövründə yeyinti məhsullarının ixracı daha yüksək templə artaraq 30,5 faiz yüksəlib və 200,6 milyon ABŞ dollarına çatıb. Ayrı-ayrı məhsullar üzrə isə daha kəskin artım qeydə alınıb. Belə ki, şəkər ixracı 4,3 dəfə, pambıq ipliyi 2,6 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 2,1 dəfə artıb. Bununla yanaşı, alüminium və ondan hazırlanan məmulatların ixracı 37,4 faiz, pambıq lifi 33,3 faiz, meyvə-tərəvəz 32,7 faiz, spirtli və spirtsiz içkilər 10,9 faiz, çay ixracı isə 5,1 faiz artıb.

Aqrar sektor üzrə də müsbət dinamika davam edib. Belə ki, yanvar-fevral aylarında aqrar məhsulların ixracı 34,6 faiz artaraq 160,9 milyon ABŞ dollarına, aqrar-sənaye məhsullarının ixracı isə 22 faiz artaraq 52,5 milyon ABŞ dollarına bərabər olub. Ümumilikdə bu iki kateqoriya üzrə ixrac 31,2 faiz artaraq 213,4 milyon ABŞ dolları təşkil edib.

Qızıl birinci yerdə qərarlaşıb

Qeyri-neft ixracında məhsul strukturuna nəzər saldıqda, hesabat dövründə qızıl 60,7 milyon ABŞ dolları ilə birinci yerdə qərarlaşıb. Ondan sonra meşə fındığı 57,4 milyon ABŞ dolları ilə ikinci, mis filizləri isə 44,6 milyon ABŞ dolları ilə üçüncü olub. Fevral ayı üzrə isə liderlik meşə fındığına məxsus olub – 28,1 milyon ABŞ dolları. Bu siyahıda qızıl 27,6 milyon ABŞ dolları ilə ikinci, mis filizləri isə 24,1 milyon ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb.

İxrac coğrafiyasında lider Rusiya Federasiyasıdır

İxrac coğrafiyası baxımından əsas tərəfdaş ölkələr sırasında Rusiya Federasiyası (149,1 milyon ABŞ dolları), Türkiyə (83,4 milyon ABŞ dolları), Gürcüstan (77,2 milyon ABŞ dolları), İsveçrə (67,7 milyon ABŞ dolları) və Ukrayna (29 milyon ABŞ dolları) yer alıb. Fevral ayında isə əsas ixrac istiqamətləri kimi Rusiya (72,1 milyon ABŞ dolları), Türkiyə (52 milyon ABŞ dolları), Gürcüstan (45,6 milyon ABŞ dolları), İsveçrə (29,1 milyon ABŞ dolları) və Qazaxıstan (13,9 milyon ABŞ dolları) çıxış edib.

“SOCAR POLYMER” ixrac əməliyyatlarında fəal iştirak edib

Qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “AGRARCO” MMC, “Prime Cotton” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC və “Baku Steel Company” QSC ilk sıralarda qərarlaşıb.

Dövlətə məxsus ixracatçı şirkətlər arasında isə “AzerGold” QSC lider mövqeyini qoruyub. Bundan başqa, “SOCAR POLYMER” MMC, “AZƏRALÜMİNİUM” MMC və digər dövlət müəssisələri də ixrac əməliyyatlarında fəal iştirak edib.

32 ölkəyə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib

Hesabat dövründə yüksək texnologiyalar sahəsində də irəliləyiş müşahidə olunub. Belə ki, “Azərkosmos” tərəfindən dünyanın 32 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu xidmətlərdən əldə olunan gəlir qurumun ümumi gəlirlərinin 65 faizini təşkil edib.

Peyk xidmətlərinin ixracında əsas bazarlar sırasında Birləşmiş Krallıq, Lüksemburq, İsveç, Türkiyə və Pakistan yer alıb.

Beləliklə, qeyri-neft sektorunda ixracın artması Azərbaycanın iqtisadi şaxələndirmə siyasətinin effektivliyini bir daha nümayiş etdirir və ölkənin xarici ticarət balansının dayanıqlılığının gücləndirilməsinə mühüm töhfə verir.

Orxan Vahidoğlu, “İki sahil”