17 aprel 2026 11:44
111

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Amerika qitəsi üzrə tərəfdaşları elan edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə - 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində Amerika qitəsindən olan tərəfdaşlar ictimaiyyətə təqdim olunub: Synapses Ventures (ABŞ), TechDev Academy (ABŞ) və OneBscGate (ABŞ).

“İki sahil” xəbər verir ki, adı çəkilən tərəfdaşlar “Startup School 4: Beş qitə - 500 Startap” layihəsi çərçivəsində startaplara müxtəlif istiqamətlər üzrə dəstək göstərəcəklər. Onlar təlim və mentorluq xidmətləri ilə yanaşı, startapların qiymətləndirilməsi, investisiya imkanlarına çıxışı və qlobal bazarlara inteqrasiyası prosesinə töhfə verəcəklər.

“Synapses Ventures” (ABŞ) - texnologiya və innovasiya yönümlü startaplara investisiya edən vençur fondudur. Fond erkən mərhələli və inkişaf potensialı yüksək olan layihələrə maliyyə dəstəyi göstərməklə yanaşı, strateji inkişaf, məhsulun bazara çıxarılması (go-to-market), investisiya hazırlığı və miqyaslandırma üzrə ekspert dəstəyi təqdim edir. Proqram çərçivəsində “Synapses Ventures” seçilmiş startapların qiymətləndirilməsində iştirak edəcək, həmçinin onların investorlara çıxış imkanlarını genişləndirəcək.

“TechDev Academy” (ABŞ) - texnologiya və rəqəmsal bacarıqların inkişafına yönəlmiş təlim və inkişaf platformasıdır. Akademiya proqram iştirakçılarına innovasiya idarəçiliyi, məhsul inkişafı, texnoloji trendlər və sahibkarlıq bacarıqları üzrə strukturlaşdırılmış təlimlər və praktiki mentorluq sessiyaları təqdim edəcək. Bununla yanaşı, iştirakçılar üçün təqaüd imkanları, beynəlxalq proqramlarda iştirak perspektivləri, qlobal təhsil və inkişaf platformalarına çıxış imkanları da yaradılacaq.

“OneBscGate” (ABŞ) - təşkilatlar üçün audit edilə bilən, təkrarlana bilən və şəffaf biznes nəticələrinin təmin edilməsinə yönəlmiş rəqəmsal platformadır. Layihə çərçivəsində startaplara əməliyyatların optimallaşdırılması, sistem inteqrasiyaları, biznes proseslərinin rəqəmsallaşdırılması və qlobal səviyyədə idarəetmə çərçivələrinin tətbiqi istiqamətində dəstək göstərəcək.

Qeyd edək ki, “Startup School 4” layihəsinə startapların onlayn qeydiyyatı aktivdir. Layihə bu il beş qitədən 500 startapı cəlb etməyi hədəfləyir.