Fransanın Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer bəyanat verərək beynəlxalq ictimaiyyətin gəmilərin sərbəst hərəkətini təmin etmək iradəsinin olduğunu bildiriblər.
“İki sahil” xəbər verir ki, Fransa və Böyük Britaniya 51 ölkənin qatıldığı beynəlxalq sammitin yekununda Hörmüz boğazının dərhal, şərtsiz və məhdudiyyətsiz açılmasına çağırıb. Sammit dəniz təhlükəsizliyi və qlobal enerji sabitliyi mövzusuna həsr olunub.
Birgə bəyanatda Makron və Starmer beynəlxalq hüququn qorunması, iqtisadi sabitliyin təminatı və gəmilərin sərbəst hərəkətinin təmin edilməsi istiqamətində beynəlxalq ictimaiyyətin qərarlılığını vurğulayıblar.
Liderlər münaqişənin diplomatik həllinə üstünlük verilməsini qeyd edərək “diplomatiya önəmli olmalıdır” deyiblər. Həmçinin Hörmüz boğazının yenidən açılmasını alqışlayaraq, bunun davamlı olmasının vacibliyini diqqətə çatdırıblar.
Onlar, həmçinin Beynəlxalq Dəniz Təşkilatının dənizçilərin və gəmilərin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş səylərini dəstəklədiklərini vurğulayıblar və dəniz sektoru ilə əməkdaşlığı davam etdirərək fəaliyyətin tez bir zamanda bərpasına imkan verəcəklərini bildiriblər.
Bundan başqa, Fransa və Böyük Britaniya müstəqil və tamamilə müdafiə xarakterli çoxmillətli missiyanın yaradıldığını elan edib. Missiyanın məqsədi ticarət gəmilərini qorumaq, kommersiya operatorlarını əmin etmək və davamlı atəşkəs təmin olunduqdan sonra minaların təmizlənməsi əməliyyatlarını həyata keçirməkdir.
Hər iki ölkə missiyanın beynəlxalq hüquqa uyğun və maraqlı dövlətlərlə məsləhətləşərək fəaliyyət göstərəcəyini vurğulayıb və qlobal ticarətin sərbəst hərəkəti ilə maraqlanan bütün ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırıb.
Bu istiqamətdə növbəti görüşün Böyük Britaniyada keçiriləcəyi bildirilib.