19 aprel 2026 18:58
115

SEPAH raket və dron ehtiyatlarını aktiv şəkildə artırır

İran hərbçiləri raket və pilotsuz uçuş aparatlarının ehtiyatlarını operativ şəkildə doldurur.

“İki sahil”in "Tasnim"ə istinadən verdiyi məlumata görə, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi bildirib.

"Atəşkəs rejiminin qüvvədə olduğu müddətdə biz raket və dron arsenallarını müharibədən əvvəlkinə nisbətən daha sürətlə doldura bildik", - o qeyd edib.

Musəvinin sözlərinə görə, ABŞ və İsrail öz silah ehtiyatlarını eyni sürətlə bərpa edə bilmir və buna görə də dünyanın tamamilə başqa hissələrində saxlanılan silahları təcili olaraq Yaxın Şərqə daşımağa məcburdur.

Ötən gün "Business Insider" nəşri məlumat vermişdi ki, Yaxın Şərqdəki hərbi əməliyyatlar zamanı böyük miqdarda sərf olunmasına baxmayaraq, İranın arsenalında hələ də minlərlə ballistik raket və zərbə pilotsuz uçuş aparatları mövcuddur.

Öz növbəsində, "The New York Times" nəşri bazar günü xəbər verib ki, ABŞ kəşfiyyatı və hərbçilərinin qiymətləndirmələrinə görə, bir neçə həftəlik hərbi əməliyyatlardan sonra İranın raket qurğularının 60 %-dən çoxu və zərbə dronlarının təxminən 40 %-i qalıb ki, bu da Hörmüz boğazında gəmiçiliyi bloklamaq üçün kifayətdir.