20 aprel 2026 16:23
125

Azərbaycan–Şri-Lanka əməkdaşlığının genişləndirilməsi imkanları nəzərdən keçirilib

Aprelin 20-də xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Şri-Lankanın kənd yerlərinin inkişafı, sosial müdafiə və icmaların gücləndirilməsi naziri Upali Panilaqe ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Şri-Lanka arasında əməkdaşlığa, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mövcud vəziyyəti yüksək qiymətləndirilib. Siyasi dialoqun genişləndirilməsi ilə yanaşı, müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.

İqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Turizm sahəsində mövcud potensialın daha səmərəli istifadə olunmasının digər istiqamətlərdə əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərə biləcəyi vurğulanıb.

Şri-Lankada baş verən təbii fəlakət nəticəsində zərərçəkənlərə humanitar yardım göstərilməsinə görə Azərbaycana minnətdarlıq ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.