27 aprel 2026 23:05
148

Misirdə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu diqqət mərkəzində olub

Misir Şəhərsalma Həftəsi çərçivəsində Bakı şəhərində təşkil olunacaq Dünya Şəhərsalma Forumu (WUF13) müzakirə edilib.

“İki sahil” xəbər verir ki, Qahirə şəhərində reallaşan həftə ərzində MT-nin Məskunlaşma Proqramının (UN-Habitat) və tərəfdaşların təşkilatçılığı ilə dövlət qurumları, özəl sektor, akademik dairələr, vətəndaş cəmiyyəti və beynəlxalq iştirakçılar bir araya gəlib.

Tədbirlərdə davamlı şəhər inkişafında mənzil məsələsinin əsas rol oynadığı vurğulanıb, inklüzivlik, əlçatanlıq və dayanıqlılıq prinsiplərinin siyasətdən icraya qədər bütün mərhələlərdə tətbiqinin vacibliyi qeyd edilib.

Həftə çərçivəsində keçirilən panel müzakirələr, seminarlar və ictimai təşəbbüslər müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edib. Eyni zamanda, texnologiya və süni intellektin şəhər məkanlarının inkişafında rolu, tarixi ərazilərdə yaşayışın təşkili və inklüziv mənzil modelləri kimi mövzular diqqət mərkəzində olub.

Qeyd edilib ki, Qahirədə keçirilən World Urban Forum 12 çərçivəsində formalaşan təşəbbüslər genişləndirilərək Bakıda keçiriləcək forum üçün mühüm zəmin yaradır.

Sonda bildirilib ki, Misir Şəhərsalma Həftəsi qlobal dialoqu gücləndirərək bütün vətəndaşlar üçün əlverişli və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına töhfə verir.