28 aprel 2026 16:41
110

Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Türkiyədə növbəti elmi konfrans keçirilib

Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə aprelin 24-dən 26-dək Türkiyənin İstanbul şəhərində yerləşən Beykent Universitetində Onuncu Beynəlxalq Hesablama Riyaziyyatı və Mühəndislik Elmləri Konfransı (CMES-2026) keçirilib. Konfransın Fəxri Komitəsinə dünyanın aparıcı elm mərkəzlərindən tanınmış alimlər daxildir. Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və elmi işlər üzrə prorektor, riyaziyyat üzrə elmlər doktoru Yusif Qasımov konfransın Fəxri Komitəsinin üzvləri sırasında yer alıblar.

“İki sahil” xəbər verir ki, ənənəvi konfransın məqsədləri hesablama riyaziyyatı sahəsində çalışan tədqiqatçılar arasında əməkdaşlığın gücləndirilməsi, yeni elmi nəticələrin təqdim edilməsi və dəvət olunmuş məruzəçilərin təcrübələrinin paylaşılmasıdır. Tədbir nəzəri və tətbiqi riyaziyyat, eləcə də mühəndislik elmləri sahəsində son nailiyyətlərin müzakirəsi üçün alim və mütəxəssislərə geniş akademik platform təqdim edib. Konfrans çərçivəsində hesablama riyaziyyatı və mühəndislik elmlərinin müxtəlif istiqamətləri üzrə plenar sessiyalar və bölmə iclasları təşkil olunub

Azərbaycan Universitetini beynəlxalq tədbirdə elmi işlər üzrə prorektor Yusif Qasımov təmsil edib. Yusif Qasımov konfransda plenar məruzə ilə çıxış edib, eyni zamanda konfransın ilk plenar sessiyasına rəhbərlik edib.

Konfransın işində müxtəlif ölkələrdən tanınmış alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak edərək hesablama riyaziyyatı və mühəndislik elmləri sahəsində son yenilikləri, aktual mövzuları və elmi tədqiqatların nəticələrini müzakirə ediblər.

CMES konfranslar silsiləsi bundan sonra da beynəlxalq elmi ictimaiyyəti bir araya gətirərək hesablama riyaziyyatı və mühəndislik elmlərinin inkişafına töhfə verməyə davam edəcək.

Qeyd edək ki, Azərbaycan Universiteti ilə yanaşı Fırat Universiteti (Türkiyə), Final Beynəlxalq Universiteti (ŞKTR), Moulay İsmail Universiteti (Mərakeş), Mərakeş Xüsusi Universiteti, Beykent Universiteti (Türkiyə), Dicle Universiteti (Türkiyə), Harran Universiteti (Türkiyə), Van Yüzüncü Yıl Universiteti (Türkiyə), Manas Universiteti (Qırğızıstan), Ordu Universiteti (Türkiyə), Ərzurum Texniki Universiteti (Türkiyə) və İnönü Universiteti (Türkiyə) də təşkilatçı qurumlar arasında yer alıblar. Təşkilat Komitəsinin qərarına əsasən, builki konfrans riyaziyyat elmləri doktoru, professor Etibar Pənahlının 70 illik yubileyinə həsr olunub.