29 aprel 2026 13:03
40

Aqrar Xidmətlər Agentliyi ilə Xəzər Universiteti arasında əməkdaşlıq görüşü keçirilib

Aqrar Xidmətlər Agentliyi və Xəzər Universiteti arasında strateji əməkdaşlığın təməli qoyulur. Bu çərçivədə tərəflər arasında əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə geniş tərkibli görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, sədr müavini Elməddin Namazov, Agentliyin nümayəndələri, Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru Dr. Razia İsaeva və digər rəhbər heyət iştirak edib. Hamlet İsaxanlı tədbir iştirakçılarını salamlayaraq görüşün əhəmiyyətindən bəhs edib. O bildirib ki, əsas məqsəd tərəflər arasında elmi-tədqiqat, tədris, baytarlıq praktikası və peşəkar kadr hazırlığı sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi, eləcə də institusional tərəfdaşlığın formalaşdırılmasıdır.

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev çıxışında Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verərək qeyd edib ki, qurum ölkədə aqrar sektorun inkişafında mühüm rol oynayır. Bildirilib ki, Agentlik heyvan və bitki sağlamlığının qorunması, aqrar bilik və bacarıqların artırılması, toxumçuluq, eləcə də kənd təsərrüfatı texnikasına dövlət nəzarəti istiqamətləri üzrə fəaliyyət göstərir.

Görüş çərçivəsində tərəflərin təqdimatları keçirilib, aqrar sahədə, xüsusilə baytarlıq istiqamətində mövcud çağırışlar və əməkdaşlığa dair inkişaf perspektivləri müzakirə olunub. Eyni zamanda, iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum aqrar sahədə ixtisaslı kadr hazırlığının gücləndirilməsi, tələbələrin praktiki biliklərinin artırılması, elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi və baytarlıq sahəsində innovativ yanaşmaların tətbiqini əhatə edir. Tədbirin davamı olaraq universitetin Hasvet Baytarlıq Təbabəti fakültəsinin fəaliyyəti ilə tanışlıq olub, tələbələrlə görüş keçirilib və qarşılıqlı müzakirələr aparılıb.

Qeyd edək ki, bu görüş tərəflər arasında daha sıx əməkdaşlıq üçün yeni imkanların yaranmasına zəmin yaradır.