01 may 2026 14:47
215

Ağdaşda “Xalqın xilaskarı” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Ləki qəsəbə ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Xalqın xilaskarı” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatı Ləki qəsəbə ərazi partiya təşkilatının sədri Hüseyn Mənsimov, Ulu Öndərin xalqımız və müstəqil Azərbaycan dövləti naminə gördüyü misilsiz işlərdən bəhs edib. O bildirib ki, dahi şəxsiyyət bütün ömrünü Azərbaycan xalqına xidmətə həsr etmişdir.

YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov tədbirdə məruzə ilə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin həm Sovet hakimiyyəti illərində, həm də müstəqillik dövründə ölkəmiz üçün göstərdiyi xidmətlərdən söhbət açıb. İsa Eminov qeyd edib ki, Heydər Əliyevin adı Azərbaycanın adı ilə ayrılmaz şəkildə bağlıdır: “Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə isə Azərbaycan yada düşür”.

Partiya fəallarından Jalə Hüseynova, Ayşən Əliyeva və Aysel Hüseynova çıxışlarında Ulu Öndər Heydər Əliyevin xalqın həqiqi xilaskarı olduğunu, müstəqil Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardığını vurğulayıblar. Qeyd edilib ki, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun uğurla davam etdirilməsi Azərbaycanı qalib dövlətə çevirmişdir.

Sonda Ağdaş rayonu Ləki qəsəbə 6 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr edilmiş bədii kompozisiya təqdim olunub.