02 may 2026 15:51
105

İsrail səfiri: Azərbaycanla kibertəhlükəsizlik, süni intellekt və su texnologiyaları sahəsində əməkdaşlığımız genişlənəcək

Ölkələrimiz arasında münasibətlər müxtəlif sahələr üzrə inkişaf edir və yaxın perspektivdə daha yüksək səviyyəyə çatdırılması mümkündür.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Ronen Kraus deyib.

Diplomat qeyd edib ki, Azərbaycanla İsrail arasında əməkdaşlıq kibertəhlükəsizlik, süni intellekt, turizm, aqrar və su texnologiyaları kimi istiqamətləri əhatə edir. “Kibertəhlükəsizlik əsas prioritetlərdən biridir. Süni intellekt isə münasibətlərə yeni əlavə olunan sahədir”, – deyə səfir vurğulayıb.

Ronen Kraus turizm sahəsində də müsbət dinamikanı diqqətə çatdırıb. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycana səfər edən israilli turistlərin sayı təxminən 70 min nəfər olub və bu göstəricinin artacağı gözlənilir.

Səfir, həmçinin su resurslarının səmərəli idarə olunmasının xüsusi əhəmiyyət daşıdığını bildirərək, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensialın yüksək olduğunu qeyd edib.

Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində təəssüratlarını bölüşən diplomat bölgədə aparılan sürətli bərpa və inkişaf proseslərinin diqqətçəkən olduğunu deyib.

Səfir Laçına ilk səfəri zamanı təbiətin gözəlliyindən, yeni yaşayış məntəqələrindən və sənaye parkında yaradılan məşğulluq imkanlarından təsirləndiyini vurğulayıb.