04 may 2026 18:17
79

Qadağa var, amma onun təsiri yoxdur?

Uşaqlar sosial mediaya çıxışı davam etdirirlər

Avstraliyada 16 yaşdan aşağı uşaqlara sosial mediadan istifadəni məhdudlaşdıran qanunun gözlənilən effekti vermədiyi ortaya çıxıb. Yeni və genişmiqyaslı sorğunun nəticələrinə görə, qadağaya baxmayaraq, uşaqların əksəriyyəti sosial platformalardan istifadə etməyə davam edirlər. Sorğu göstərir ki, ötən ilin dekabrında qüvvəyə minən qanundan əvvəl sosial mediadan istifadə edən 12-15 yaşlı uşaqların təxminən üçdə ikisi hələ də bir və ya daha çox hesaba daxil ola bilirlər.

"Molly Rose Fondu" tərəfindən 1050 uşaq arasında aparılan araşdırmaya əsasən, iştirakçıların təxminən yarısı "TikTok", "YouTube" və "Instagram" kimi məhşur platformalardakı hesablarına çıxış əldə edə bilirlər. "Facebook" və "Snapchat" də nəzərə alındıqda bu göstərici demək olar ki, üçdə ikiyə çatır. Qadağanı aşaraq sosial mediadan istifadə etdiyini bildirən uşaqların təxminən 70 faizi bunu etməyin olduqca asan olduğunu deyib. Respondentlərin yarıdan çoxu isə qanunun onların onlayn təhlükəsizliyinə heç bir təsir göstərmədiyini qeyd edib.

Fond hesab edir ki, nəticələr sosial media platformalarının 16 yaşdan aşağı istifadəçiləri müəyyən edib məhdudlaşdırmaqda effektiv olmadığını göstərir. Bu səbəbdən Böyük Britaniyada atılması planlaşdırılan oxşar addımın riskli ola biləcəyi vurğulanır.

Təşkilatın rəhbərlərindən olan Andy Burrows bildirib ki, əldə olunan nəticələr bu cür qadağaların effektivliyi ilə bağlı ciddi suallar yaradır və təkcə məhdudiyyətlərin kifayət etmədiyini göstərir. Mütəxəssisin sözlərinə əsasən, əsas problem sosial media platformalarının dizayn xüsusiyyətləri və biznes modelləri ilə bağlıdır. Bu baxımdan, sadəcə qadağalar tətbiq etməkdənsə, platformaların təhlükəsizlik siyasətini gücləndirən daha dərin və sistemli tənzimləmələrə ehtiyac var.

Qeyd edək ki, daha əvvəl Avstraliyanın elektron təhlükəsizlik qurumu da sosial media şirkətlərini istifadəçilərin yaşlarının yoxlanması mexanizmlərində ciddi boşluqlara yol verməkdə ittiham etmişdi. Bildirilir ki, platformalar istifadəçilərə yaş təsdiqini təkrar-təkrar yoxlamağa imkan verir və bu da nəticədə məhdudiyyətlərin asanlıqla aşılmasına səbəb olur.                                              

Hazırda Böyük Britaniya hökuməti uşaqların onlayn təhlükəsizliyi ilə bağlı yeni tədbirləri müzakirə edir və sosial media platformalarında asılılıq yaradan xüsusiyyətlərə qarşı daha sərt addımlar atmağı nəzərdən keçirir.

Şahnigar Əhmədova, "İki sahil"