05 may 2026 16:23
109

Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçirib.

“İki sahil” xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca "Azərbaycan Respublikasının idman ustası" adına layiq görülən idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.

Daha sonra nazir Fərid Qayıbov idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirərək onları və məşqçilərini təbrik edib. Nazir bildirib ki, aprel ayı ərzində Azərbaycan Respublikasının Dövlət Himni 13 ölkədə səsləndirilib, idmançılarımız isə ümumilikdə 82 qızıl, 56 gümüş və 70 bürünc medal qazanıblar.

Tədbir zamanı beynəlxalq yarışlarda əldə olunan nəticələri əks etdirən videoçarx nümayiş etdirilib. Bir sıra idman növləri üzrə nümayəndələr isə iştirak etdikləri yarışlar və əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər.

Sonda nazir Fərid Qayıbov idmançılara gələcək yarışlarda da uğurlar arzulayıb.