06 may 2026 00:14
137

Günəş gözlərinizə necə zərər verir?

Son günlər günəşli hava bir çoxları üçün xoş olsa da, mütəxəssislər xəbərdarlıq edirlər ki, günəş şüalarının sağlamlığa təsiri təkcə dəri xəstəlikləri ilə məhdudlaşmır. Göz sağlamlığı da ultrabənövşəyi (UV) şüaların təsiri altında ciddi risklərlə üzləşə bilər.

"The College of Optometrists (Optometristlər Kolleci)" təşkilatının klinik məsləhətçisi Paramdeep Bilkhu bildirir ki, gözlər son dərəcə həssas orqandır və UV şüalanması həm qısa, həm də uzunmüddətli zərərlərə səbəb ola bilər. Onun sözlərinə görə, insanlar dərilərini günəşdən qoruduqları kimi, gözlərini də qorumağa diqqət yetirməlidirlər.

Mütəxəssis qeyd edir ki, yüksək UV şüalanmasına məruz qalmaq qısa müddətdə “fotokeratit” adlanan vəziyyətə, yəni gözün günəş yanığına səbəb ola bilər: "Bu zaman gözlərdə qızartı, sulanma, işığa həssaslıq və bulanıq görmə kimi əlamətlər müşahidə olunur. Bu hal yalnız açıq havada deyil, həm də qar və su kimi səthlərdən əks olunan günəş şüaları nəticəsində baş verə bilər. İsti hava şəraiti isə göz quruluğunu artırır. Temperatur yüksəldikcə göz səthindəki nəmlik daha tez buxarlanır və bu da narahatlıq yaradır."

Uzunmüddətli təsirlər daha ciddi ola bilər. Davamlı UV təsiri göz ətrafında dəri xərçəngi riskini artırır. Mütəxəssis xüsusilə bazal hüceyrəli karsinoma kimi halların daha çox rast gəlindiyini bildirir. Eyni zamanda, günəş şüaları katarakta və makula degenerasiyası kimi göz xəstəliklərinin yaranması və erkən inkişafı ilə də əlaqələndirilir. Bu xəstəliklər vaxtında müalicə olunmadıqda görmə itkisinə səbəb ola bilər.

Gözləri qorumaq üçün bir sıra tədbirlər görməyi tövsiyə edən mütəxəssis ilk növbədə UV indeksinə diqqət yetirilməli olduğunu bildirib: "Bu göstərici 3-dən yuxarı olduqda həm dəri, həm də gözlər üçün qoruyucu tədbirlər görülməlidir."

Keyfiyyətli gün eynəklərinin seçilməsi də vacibdir. Qeyd olunur ki, eynəyin tünd rəngdə olması onun daha yaxşı qoruduğu anlamına gəlmir. Əsas meyar UV qoruma standartlarına uyğunluqdur. Bundan əlavə, geniş kənarlı papaq taxmaq əlavə qoruma təmin edir. Yan tərəflərdən gələn şüaları da bloklayan örtülü gün eynəkləri daha effektiv hesab olunur.

Hər hansı narahatlıq və ya simptom yarandıqda isə mütləq mütəxəssisə müraciət etmək tövsiyə olunur. Eyni zamanda, heç bir şikayət olmasa belə, mütəmadi göz müayinələri erkən diaqnoz üçün vacib sayılır. Unutmayaq ki, günəşdən qorunmaq yalnız dərinin deyil, gözlərin sağlamlığı üçün də həyati əhəmiyyət daşıyır.

Şahnigar Əhmədova, "İki sahil"