Məlum olduğu kim mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirə videobağlantı formatında qoşulub.
Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edərək, indi Azərbaycanla sülhə nail olunduğunu, artıq iki ildir heç bir tərəfdə tələfat olmadığını və bu dövrün müstəqilliyimizdən bəri yaşadığımız misilsiz illər olduğunu bildirib. Qeyd edib ki, indi iki ölkə arasında sülhü gücləndirmək və institusionallaşdırmaq məqsədilə tərəflər sıx şəkildə çalışırlar. Baş nazir ilk dəfədir ki, Azərbaycan Prezidentinin onlayn formatda olsa da belə Ermənistanda keçirilən tədbirdə iştirak etdiyini xüsusi vurğuladı və ümidvar olduğunu bildirib ki, 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin 10-cu toplantısında iştirak etmək üçün Azərbaycana səfər imkanı olacaq. Paşinyan Ermənistanın və Azərbaycanın "Avropa Siyasi Birliyi"nin toplantısını qəbul etmək üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəklədiklərini də bildirib.
Videobağlantı formatında çıxış edən dövlətimizin başçısı vurğulayıb ki, Avropa Siyasi Birliyinin sammitlərinin 2026-cı ildə Ermənistanda, 2028-ci ildə isə Azərbaycanda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Ölkə rəhbəri qeyd edib ki, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı dövlətimizin başçısının sammitdə iştirakı müzakirə edilib və videoformatda qoşulacağı razılaşdırılıb: "Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacağam. Mən həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı prezident Koşta və prezident Ursula fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən "Avropa Siyasi Birliyi"nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik".
Qeyd edilməlidir ki, Prezident İlham Əliyevin Ermənistanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci sammitinə videoformatda qoşulması həm Bakı-İrəvan arasında sülh prosesinin önəmini vurğulamaq, həm də strateji mesajlar baxımından çox əhəmiyyətlidir. Prezident İlham Əliyev videoformat vasitəsilə Ermənistanın evsahibliyi etdiyi tədbirə regionun yeni reallıqlarını diktə edən tərəf kimi qatıldı. Sammitin İrəvanda keçirilməsinə baxmayaraq, Azərbaycan Prezidentinin bu platformada iştirakı regionun gələcək taleyinin rəsmi Bakının iştirakı olmadan müəyyən edilməsinin qeyri-mümkün olduğunu göstərdi.
Azərbaycan son illərdə həyata keçirdiyi xarici siyasət strategiyası ilə beynəlxalq arenada mühüm uğurlar əldə etmiş, həm regional, həm də qlobal aktorlar arasında etibarlı tərəfdaş kimi mövqe qazanmışdır. Prezident İlham Əliyevin balanslı, çoxşaxəli və prinsipial xarici siyasəti sayəsində Bakı bir sıra qlobal güclərlə strateji əməkdaşlıq əlaqələri quraraq, regional sabitliyin qorunmasında əhəmiyyətli rol oynamaqdadır. Cənab Prezidentin Ermənistandakı tədbiri dəstəkləməsi və qarşılıqlı olaraq növbəti tədbirin Bakıda keçirilməsini təklif etməsi Azərbaycanın balanslı xarici siyasət kursuna sadiqliyini göstərir. Bu, beynəlxalq təşkilatların regiona yanaşmasında birtərəfliliyin qarşısını alan strateji gedişdir. Belə mötəbər tədbirlərin hər iki ölkədə ardıcıl keçirilməsi Cənubi Qafqazın artıq münaqişə zonası deyil, beynəlxalq müzakirələrin mərkəzi kimi qəbul edildiyini təsdiqləyir. "Avropa Siyasi Birliyi"nin 2028-ci il sammitinin Bakıda keçirilməsi isə Azərbaycanın yüksəksəviyyəli diplomatik qələbəsidir.
Seyfəddin Əliyev,
YAP Masallı rayon təşkilatının sədri