06 may 2026 20:31
115

Süni kürünün “təbii kürü” adı ilə satılması istehlakçıların aldadılmasıdır – Xəbərdarlıq

Xəbər verildiyi kimi, Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət, ictimai iaşə, o cümlədən şadlıq evlərində “təbii kürü” adı ilə süni kürü məhsullarının istehlakçılara təqdim olunduğu aşkarlanıb. Həmçinin məhsulların etiketlənmədiyi, müşayiətedici sənədlərinin olmadığı və yararlılıq müddətinin bitdiyi müəyyən edilib. 
“İki sahil” xəbər verir ki, Agentlik ticarət, ictimai iaşə obyektlərinin sahiblərinə xəbərdarlıq edərək bildirir ki, istehlakçıların aldadılması qanun pozuntusu hesab olunur və inzibati məsuliyyət yaradır. İstehlakçılara təqdim olunan bütün qida məhsulları, o cümlədən kürü məhsulları etiketlənməli, məhsul barədə dolğun məlumat verilməli, “təbii kürü” adı altında süni məhsulların təqdim edilməsinə yol verilməməli, məhsulların mənşəyini təsdiq edən sənədləri mövcud olmalıdır.
Qeyd edək ki, süni kürü müxtəlif qatqı maddələri ilə hazırlanır və təbii balıq kürüsündən fərqli xüsusiyyətlərə malikdir. Onun hazırlanmasında jelatin, yosun ekstraktı olan alginat, agar-agar, nişasta, boya maddələri, bitki yağları, aromatizatorlar və dadlandırıcılar istifadə edilərək kürü formasına salınır. Əsas fərqlərdən biri odur ki, süni kürü qızdırıldıqda yumşalır, əriyir və axıcı hala gəlir. Bu xüsusiyyət onu təbii kürüdən ayıran əsas göstəricilərdən biridir. Təbii kürü balıq yumurtası olduğu üçün formasını saxlayır, qızdırıldıqda ərimir və axıcı hala gəlmir.
İstehlakçılara tövsiyə olunur ki, ictimai iaşə obyektlərində təqdim olunan kürülərin mənşəyi ilə maraqlansınlar, məhsulun keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərini tələb etsinlər və şübhəli hallarla qarşılaşdıqda Agentliyin “1003 - Çağrı Mərkəzi”nə müraciət etsinlər.
Sonda qeyd edirik ki, nəzarət tədbirləri davam etdirilir, qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq tədbirlər görüləcəkdir.