06 may 2026 20:38
103

AQTA sədri Qoşqar Təhməzli Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Georgi İakobaşvili ilə görüşüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Georgi İakobaşvili arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Qeyd edilib ki, ötən ilin avqust ayından etibarən Gürcüstanın qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyinin tanınması iki ölkə arasında ticarət münasibətlərinin genişlənməsinə mühüm töhfə verib. Bu qərar Gürcüstanda fəaliyyət göstərən yüksək riskli qida məhsulları istehsal edən müəssisələrin əlavə qiymətləndirmə prosedurlarından keçmədən Azərbaycan Respublikasına ixrac imkanlarını artırıb.
Tərəflər qida məhsullarının idxal, ixrac və tranzit daşınmalarına nəzarətin daha səmərəli təşkili, o cümlədən qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Georgi İakobaşvili iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.
Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub, əməkdaşlığın genişləndirilməsi və institusional əlaqələrin möhkəmləndirilməsi üzrə gələcək addımlar müəyyənləşdirilib.