07 may 2026 10:30
153

Ermənistan indi də Fransanın və Qərbin forpostuna çevrilir... - ŞƏRH

Rəsmi Parisin İrəvanla əlahiddə yaxınlığı hər kəsə məlumdur. Fransa erməni lobbi və diaspor təşkilatlarının geniş lövbər saldıqları ölkə olduğu da sirr deyil. Ermənistan da bu ölkənin, onun Prezidenti Makronun, həmçinin Qərbin dedikləri ilə oturub-durmaqdadır. Bütün bunlar bir daha göstərir ki, Ermənistan tarix boyu müstəqil siyasət apara bilməyib. Əvvəl Rusiyanın forpostu idi, indi isə Fransanın və Qərbin forpostuna çevrilir. Şübhəsiz, Fransa və Qərb Ermənistanı nə Qarabağ ermənilərinin qayıdışı, nə də real təhlükəsizlik üçün dəstəkləyir. Onlar üçün Ermənistan yalnız Rusiyanı zəiflədərək regionda möhkəmlənmək üçün alətidir. Daha doğrusu, onların məqsədi Ermənistanı Ukraynadan sonra Rusiyaya qarşı ikinci forpost etməkdir. 

Mayın 4-də İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı da bunu bir daha sübut etdi. Belə ki, həmin tədbirdə keçirilən görüşlərin və tədbirlərin əsas mövzusu Rusiyaya qarşı mübarizə oldu. Yeri gəlmişkən qeyd edək ki, İrəvanda keçirilmiş Ermənistan–Avropa İttifaqı sammitinin yekunlarına əsasən Birgə Bəyannamə də imzalanıb. Bununla da “köhnə qitə” Ermənistanı tamamilə himayəsi altına alıb, obrazlı şəkildə desək, ona “atalıq qayğı”sı göstərməyə başlayıb. Hətta Ermənistana Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak üçün səfər edən Fransa Prezidenti Emmanuel Makron Rusiyanın 102-ci bazasının yerləşdiyi Gümrüyə baş çəkib və burada Ermənistan-Fransa münasibətlərinə həsr olunmuş "Musiqi Körpüsü" adlı bayram konsertinə də qatılıb. Siyasətçilərin fikrincə, məhz bu şəhərdə Ermənistan-Fransa münasibətlərinə həsr edilən konsertin təşkili heç də təsadüf deyil. Yeri gəlmişkən, Makron Ermənistan Baş nazirinin ünvanına bu sözləri də səsləndirib:  “Səkkiz il əvvəl bu ölkə danışıqlar masasında faktiki olaraq Rusiyanın peyki hesab olunurdu. Bu gün ölkənizə bu qədər yeni səfərlər görməyimiz çox şeydən xəbər verir".   Ermənistanın Rusiyaya arxa çevirdiyini və Avropaya gedən yolu seçdiyini açıqlayan Makron həmçinin bildirib ki, bugünkü dünyada Rusiyaya çox güvənməmək daha yaxşıdır.
Yeri gəlmişkən, Fransa mətbuatının yazdığına görə, Avropa Siyasi Birliyinin İrəvan sammitinin və ilk Aİ-Ermənistan sammitinin məqsədi Rusiyanı regiondan uzaqlaşdırmaqdır. Məqalədə deyilir ki, avropalılar Qafqaz regionunda yerləşən Ermənistana tarixi müttəfiqi Rusiyadan ehtiyatla uzaqlaşmağa kömək edirlər. Hətta bir Avropa rəsmisi bildirib ki, Aİ və Ermənistan heç vaxt bu qədər yaxın olmayıblar.

Göründüyü kimi, Ermənistanda islahatlar, Avropa dəyərləri haqqında söhbətlər, imzalanan sənədlər sadəcə Ermənistanın Rusiyadan tamamilə ayrılması üçün "köməkçi" variantlardır. Görünən də odur ki, Brüssel bütün bu olaylara daha çox geosiyasi alət kimi yanaşır. Ermənistan isə Avropanın, o cümlədən Fransanın gedişlərini anlamaqda hələ də çətinlik çəkir. Bütün bunlar Ermənistan daxilində fərqli siyasi dairələrdə müxtəlif reaksiyalar doğurub. Onlar bildirirlər ki, Ermənistan Avropaya bir addım da yaxınlaşmayıb, əksinə, respublika geosiyasi mübarizə meydanına çevrilib. Üstəlik vurğulayırlar ki, bu addımlar xarici siyasətdə milli maraqları qorumağa deyil, iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi Ermənistanın hazırkı baş naziri Paşinyana daxili siyasi dividendlər qazandırmağa hesablanıb. Ekspertlərin fikrincə, bu vəziyyətin Ermənistan üçün yaratdığı təhdidlər olduqca çoxdur və yaxın gələcəkdə bunun artıq böyük təhlükələr yaradacağı şübhə doğurmur. Halbuki Ermənistanın xarici siyasətinə balanslı yanaşmanı tam təmin edirdi - Rusiya ilə strateji müttəfiqliyi qorumaqla yanaşı, eyni zamanda ölkəni modernləşdirmək üçün Avropa ilə əməkdaşlıq edirdi. İndi vəziyyət tamamilə fərqlidir. Hakimiyyət Avropa ilə yaxınlaşmanı islahatların təhlükəsizlik təminatının alternativ modeli kimi təqdim etməkdədir.

Şübhəsiz, bütün bunlar Rusiyanı da qəzəbləndirib. Hətta Rusiyanın Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bildirib ki, Avropa Siyasi Birliyinin sammitinin İrəvanda keçirilməsi Rusiya əleyhinə addımdır. Çünki Aİ xaricində bu qədər rusofobun bir yerdə toplaşması nadir haldır. Onun sözlərinə görə, Aİ-İrəvan sammiti, Fransa prezidentinin, eləcə də Ukrayna prezidenti Volodimir Zelenskinin bu ölkəyə gəlişi Qərbin Cənubi Qafqazda mövqeyini gücləndirmək, Rusiyanı regiondan sıxışdırıb çıxarmağa hesablanıb. 

Son günlər Ermənistanda baş verən bu olaylar göstərir ki, ölkədə hazırda kritik vəziyyət hökm sürür və hadisələrin inkişafından, xüsusilə də qarşıdan gələn seçkilərin nəticələrindən çox şey asılı olacaq. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Ermənistan indi Fransanın və Qərbin forpostuna çevrilir. Bu isə o deməkdir ki, müstəqil Ermənistan xəyalı yenə də xəyal olaraq qalacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”