07 may 2026 12:44
103

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli şadlıq sarayının fəaliyyətini dayandırıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

“İki sahil” xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən “Pəri” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

- obyektdə odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;

- obyektin mətbəxində yanğın təhlükəsizliyi baxımından standartlara uyğun olmayan qaz sobalarından və daxili qaz xətlərinin birləşməsində rezin borulardan istifadəyə yol verilib;

- pilləkən qəfəslərində yanar materiallar yığılıb;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- ⁠taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb və zal hissəsinin divarları tezalışan materiallarla üzlənilib;

- obyektin tüstü bacası təmizlənməyib;

- insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Qusar şəhərində yerləşən “Pəri” şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.