Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Təlimdə Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini polkovnik Ələsgər Ələsgərov, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, FHN-in aidiyyəti strukturlarının nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun nümayəndələri, Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.
Əvvəlcə, Kəngərli rayonunda təlim üçün nəzərdə tutulan qərargahda müşavirə keçirilib.
Müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin rəisi polkovnik-leytenant Şərif Əsədov mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.
Sonra kompleks mülki müdafiə təliminə start verilib.
Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal baş vermiş ərazidə kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işləri həyata keçirilib. Eyni zamanda, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin reallaşdırılması, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirləri simulyasiya edilib.
Kompleks mülki müdafiə təliminə ümumilikdə 404 nəfərdən ibarət şəxsi heyət və 52 ədəd texnika cəlb edilib.
Tədbirin gedişində FHN qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilməklə qarşıya qoyulan məqsədlərə nail olunub.
Təlimdən sonra Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən tədbirdə iştirak edən qurumların əməkdaşlarına fəxri fərmanlar təqdim edilib.