07 may 2026 23:57
124

Vətənə oğul olan Amid

1999-cu il dekabrın 3-də Biləsuvar rayonunun Çaylı kəndində dünyaya göz açan Amid İlham  oğlu Əliyevi 44 günlük haqq savaşımızda şəhidlik zirvəsinə ucaldan  canından çox sevdiyi doğma Azərbaycana, hər qarış torpağına lap uşaqlıqda bəslədiyi  sonsuz sevgisi olub. Vətənin dar günündə sinəsini ona sipər edib şərəfli ölümü ilə tarix yazıb Amid. Qazanılan parlaq qələbəmizin  mərdlik, qəhrəmanlıq  simvoluna  çevrilən Vətən sevdalısı  cismən aramızda olmasa da, onun adı çəkiləndə xalq qürur hissi keçirdir. Zəfər şəhidi  İndi tək Əliyevlər  ailəsinin deyil, bütün Azərbaycanın əziz  övladıdır.

Həyatının mənasını Vətəninə, xalqına təmənnasız xidmətdə görən Amid 2016-cı ildə  Çaylı kənd tam  orta məktəbi  bitirib ordu sıralarına yollanıb. Axı, canına yağı dadanmış  odlar yurdu illər idi  xilaskar  ərənlərin yolunu gözləyirdi.  Amid  qeyrətli, mətin oğullarla bərabər cəbhə bölgəsində əlinə silah alıb   torpaqların keşiyində durub. Ən böyük arzusu da  düşmən tapdağında qalan əbədi-əzəli  yurd yerimiz- Qarabağı azad görmək olub. Həmçinin  bu  yolda canından keçməyi belə özünə şərəf bilib. 

Ürəyi Vətəninə sevdalı  gəncin nümunəvi xidməti, cəsurluğu, yoldaşlarına sədaqəti qısa müddətdə ona hörmət qazandırıb.  Mübarizə meydanında  dığaların başını əzmək üçün Amid  həvəslə hərb sənətinə yiyələnib. Komandirlərin  verdiyi  tapşırıqları  vaxtında, dəqiq yerinə yetirib. Eləcə   bütün çətin təlimlərdə əla döyüş keyfiyyətləri  nümayiş edib və fədakarlığı, mərdliyi  bir qayda olaraq ona uğur gətirib. Bütün bunlar Amiddə işğal olan Vətən torpaqlarının azadlığı uğrunda döyüşməyə inam yaradıb. Məhz buna görə   əsgərlikdən    sonra  da Azərbaycan Ordusunun  müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi əlindən silahı yerə qoymayıb, Vətənə layiqli övlad olmağı hər şeydən üstün tutub və düşməndən alacağı qisas gününü gözləyib.

Nəhayət,  2020-ci il sentyabrın 27-də Amidin arzuladığı gün yetişib.  Ermənilər atəşkəsi yenidən pozanda Vətən qeyrətli oğullar yaxşı dərk ediblər  ki,  artıq bunları susdurmaq zamanı çatıb. Həmin  məqama hazır olan  Amid  Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşa başlayıb. Şiddətli döyüşlərdə  göstərdiyi misilsiz şücaəti əsgərlərdə qələbəyə  böyük inam yaradıb. Girdiyi müharibə meydanlarında odlardan, alovlardan keçməklə neçə-neçə ağır sınaqlardan üzüağ çıxıb.  Yağıya ciddi itki verməklə qazanılan qələbədən sonra  ulu torpağın bağrına zəfər bayrağı sancılanda  sevinci dünyalar qədər olub, növbəti dəfə döyüşə daha da ürəklə atılıb.

Döyüşdən-döyüşə  bərkiyən  qəhrəman Vətən oğlu Amid  daha sonra  Cəbrayılda gedən ağır  vuruşlarda  öndə getməklə  erməni dığalarına qan uddurub.  Düşmənin  çoxlu sayda canlı qüvvəsini məhv edib, texnikasını sıradan çıxarıb.

2020-ci il  oktyabrın  1-də  Füzulinin azadlığı uğrunda  ölüm-dirim savaşı başlanıb. Amid kimi  qorxmaz, mərd oğullar hesabına  düşmən ağır məğlubiyyətə  uğrayıb. Təəssüf ki, Amid  də burada  düşmən gülləsinə tuş gəlib və  gözlərini yumaraq şəhidlik zirvəsinə yüksəlib. Axıtdığı qanı hesabına  30 il əsir düşən Vətən torpağında  daha bir üçrəngli bayrağımız ucaldılıb.

Doğma kəndində müqəddəs bildiyi torpağı qucaqlayan  qəhrəman Amid Əliyev  ölümündən sonra  Azərbaycanın ərazi bütövlüyünün uğrunda  xüsusi xidmətlərinə və işğal olunmuş  torpaqların azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə  görə  dövlət başçısının sərəncamlarına əsasən  “Vətən uğrunda”,  “İgidliyə görə”, Füzulinin və  Cəbrayılın  azadlığı   uğrunda   medallarla  təltif edilib.

Torpağı qan bahasına  Vətən edən Amid cismən aramızdan gedib. Milyonların  ürəyində özünə yer edən qəhrəmanın ruhu  əbədi olaraq  azad etdiyi torpaqlarda   gəzəcək. Beləcə, gələcək nəsillər Vətəni sevməyi,  halal torpağını necə qorumağı onda  öyrənəcəklər .

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü