07 may 2026 17:26
111

bp-dən gələcəyə yönəlmiş üç yeni nəşr

BP sosial sərmayə layihə çərçivəsində üç yeni kitabın Azərbaycan dilində nəşrinə dəstək göstərib. Layihə Azərbaycanda təhsil, bilik mübadiləsi və uzunmüddətli inkişafı dəstəkləmək məqsədilə həyata keçirilib. Ümumilikdə layihə bir yeni kitabın hazırlanmasını və iki beynəlxalq nəşrin Azərbaycan dilinə tərcüməsini əhatə edib.

Yeni nəşr olunan "Açıq elmin öyrənilməsi üçün 12 modul" açıq elmin əsas prinsipləri, açıq çıxış (open access), tədqiqat məlumatlarının məsuliyyətli istifadəsi və elmi məlumatların qorunması kimi mövzulardan bəhs edir. Nəşrin məqsədi açıq elm sahəsində qlobal təcrübəni genişləndirmək və tədqiqatçılar üçün məlumatlardan düzgün istifadə bacarıqlarını inkişaf etdirməkdir. Kitab Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai Birliyinin (İB) sədri İlqar Orucov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi Ruslan Rəhimli və beynəlxalq əmək bazarı üzrə ekspert Manuela Hargassner-Delpos tərəfindən nəşrə hazırlanıb.

Beynəlxalq tərcümələrdən biri Helga Novotnının "Biz süni intellektə güvənirik: Güc, illüziya və proqnozlaşdırıcı alqoritmlərə nəzarət" kitabıdır. Nəşr süni intellektin cəmiyyətə, etikaya və idarəetməyə təsirini araşdırır, həmçinin qeyri-müəyyənlik və texnologiyaya həddindən artıq güvən məsələlərini təhlil edir.

Digər kitab isə Daniel J. Fiorinonun "Təmiz enerjiyə keçid: Aşağı karbonlu dünya üçün siyasətlər və strategiyalar" əsəridir. Kitabda bərpa olunan enerji, elektrikləşdirmə, enerji səmərəliliyi və dekarbonizasiya strategiyaları kimi mövzular yer alır.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Azərbaycanda təhsilin inkişafına və bilik mübadiləsinə dəstək həmişə bp-nin sosial təşəbbüslərinin əsas istiqamətlərindən biri olub: “Bu gün təqdim edilən nəşrlər müxtəlif mövzuları əhatə etsə də, vacib olan məqam onların elm, enerji və texnologiya sahələrində davamlı və məsuliyyətli inkişafın təmin edilməsi ilə müasir dünyanın əsas çağırışlarına cavab yollarını əhatə etməsidir. Bu kitabların nəşrinə dəstək verməkdə məqsədimiz açıq elm, süni intellekt və təmiz enerji sahələrində qlobal düşüncəyə çıxışı genişləndirmək, yerli tədqiqatçıların, tələbələr, eləcə də ictimai və siyasi fikir adamlarının yeni ideyalarla tanış olmasına şərait yaratmaq, elmi potensialı gücləndirmək və gələcəyimizi formalaşdıran texnologiyalar və strategiyalar ətrafında məlumatlı müzakirələri təşviq etməkdir.”

İlqar Orucov çıxışında qeyd edib ki, açıq elmin inkişafı elmin demokratikləşdirilməsi, şəffaflığın artırılması və elmi biliklərin qapalı mühitdən çıxaraq daha geniş auditoriya üçün əlçatan olması deməkdir: "Bu, yalnız bir yanaşma deyil, eyni zamanda, qlobal elmi sistemdə formalaşmış böyük bir hərəkatdır. Kitabların mövzusu olduqca aktualdır və Azərbaycan alimləri, tədqiqat aparan mütəxəssislər üçün mühüm elmi və praktiki əhəmiyyət daşıyır".

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İB tərəfindən icra edilən layihənin ümumi dəyəri 152 938 manat (90 000 ABŞ dolları) təşkil edib.

Orxan Vahidoğlu, "İki sahil"