Günay Hüseynzadə: Riyaziyyat mənim üçün daim öyrənməyə və yeni yanaşmalar kəşf etməyə imkan verən bir elm sahəsidir
Müəllimin vəzifəsi təkcə bilik ötürmək deyil, eyni zamanda, şəxsiyyət formalaşdırmaq, örnək olmaq, şagirdlərdə yüksək mənəvi-əxlaqi keyfiyyətləri inkişaf etdirmək, analitik düşünmə qabiliyyətinə malik insanlar yetişdirməkdir
Bəşər tarixində elə peşələr vardır ki, onların dəyəri illər keçdikcə daha dərindən hiss olunur. Müəllimlik də insanın mənəvi dünyasını formalaşdıran, cəmiyyətin inkişafına işıq tutan ən müqəddəs və şərəfli peşələrdən biridir. Müəllim yalnız bilik öyrədən deyil, qəlblərə ümid, düşüncələrə işıq bəxş edən mənəviyyat daşıyıcısıdır. O, bir xalqın gələcəyini formalaşdıran, elmə və savada gedən yolları nurlandıran müqəddəs bir şəxsiyyətdir. Cəmiyyətin sabahı məhz belə müəllimlərin zəhməti, biliyi və fədakarlığı üzərində qurulur.
Elm və təhsili həyat amalına çevirən insanlar cəmiyyətin ən böyük sərvətidir. Belə ziyalı müəllimlərdən biri də öz biliyi, zəhməti və pedaqoji fəaliyyəti ilə seçilən Günay Hüseynzadədir. O, riyaziyyatın mürəkkəb düsturlarını sadəcə rəqəmlərlə deyil, sevgi, səbir və peşəkarlıqla izah edən müəllimlərdəndir. Onun fəaliyyəti təkcə dərs deməklə məhdudlaşmır; o, elmə bağlı, düşünən, araşdıran və daim yenilik axtaran müəllim nümunəsidir.
-Əvvəlcə sizi daha yaxından tanıyaq. Özünüzü oxucularımıza necə təqdim edərdiniz?
-Mən, Hüseynzadə Günay Ələkbər qızı, 1985-ci ildə Bakıda anadan olmuşam. Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsini bakalavr və magistr dərəcələri ilə bitirmiş, daha sonra Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunda doktorantura təhsili alaraq riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışam. Hazırda həm 193 nömrəli tam orta məktəbdə, həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində "Riyaziyyat və onun tədris texnologiyası" kafedrasında müəllim kimi fəaliyyət göstərirəm.
-Riyaziyyata marağınız hansı dövrdə formalaşdı və bu sahəni seçməyinizdə əsas rol oynayan amillər nələr oldu?
-Riyaziyyata marağım ibtidai sinif dövründən formalaşmağa başlamışdı. Həmin illərdə riyaziyyat fənnindən çətin və düşündürücü məsələləri həll etmək daha maraqlı idi. 7-ci sinifdən etibarən olimpiadalarda iştirak etməyim bu marağı daha da gücləndirdi. Nəticədə olimpiadalarda uğurlu nəticələr əldə etdim, ali məktəbə qəbul imtahanlarında riyaziyyat fənnindən 100 faiz nəticə göstərdim. Ali təhsil dövründə bu maraq daha da genişlənərək elmi istiqamət aldı. Riyaziyyatın nəzəri və tətbiqi aspektlərini daha dərindən öyrənməyə başladım, xüsusilə də tədqiqat xarakterli fəaliyyətlərə yönəldim. Müxtəlif elmi mənbələrlə işləmək, problemlərə fərqli yanaşmalar formalaşdırmaq və riyazi düşüncəni pedaqoji prosesə inteqrasiya etmək əsas fəaliyyət istiqamətlərimdən birinə çevrildi. Ümumilikdə, bu sahəni seçməyimə təsir edən əsas amillər erkən yaşlardan yaranan maraq, olimpiadalarda qazandığım təcrübə, yüksək akademik nəticələr və elmi-tədqiqat mühitində formalaşan peşəkar inkişaf motivasiyası oldu. Bu gün də riyaziyyat mənim üçün daim öyrənməyə və yeni yanaşmalar kəşf etməyə imkan verən bir elm sahəsidir.
-Müxtəlif peşələr arasında niyə məhz müəllimliyi seçdiniz?
-Orta məktəbdə təhsil aldığım dövrlərdə riyaziyyat məsələlərini həll etməklə yanaşı, əldə etdiyim bilikləri digərlərinə izah etməyə çalışırdım. Çox vaxt sinif yoldaşlarıma çətin görünən mövzuları sadə və anlaşılan şəkildə izah etmək xüsusi maraq doğururdu. Məhz bu təcrübələr müəllimlik peşəsinə olan marağımın artmasına səbəb olmuşdu. Bu peşəni seçməkdə valideynlərimin, müəllimlərimin dəstəyi də mühüm rol oynamışdır. Onların mənə göstərdiyi inam və etimadı bu peşəyə yönəlməyimdə motivasiya mənbəyi idi. Zaman keçdikcə doğru qərar verdiyimə bir daha əmin oldum. Şagirdlərin, tələbələrin uğurlarına şahid olmaq və onların inkişafını görmək müəllimlik peşəsini daha da dəyərli edir.

-Müəllimlik sizin üçün nə ifadə edir?
-Müəllim olmaq təkcə bilik ötürmək deyil, eyni zamanda, şəxsiyyət formalaşdırmaq, örnək olmaq dəyərlər aşılamaq, şagirdlərdə yüksək mənəvi-əxlaqi keyfiyyətləri inkişaf etdirmək, analitik düşünmə qabiliyyətinə malik insanlar yetişdirməkdir. Müəllim olmaq yalnız bir peşəyə sahib olmaq deyil, həm də daim öyrənməyə, inkişaf etməyə, təhsilə və cəmiyyətə fayda verməyə imkan yaradan bir missiyadır.
-Sizcə, yaxşı müəllim necə olmalıdır və bu peşədə uğur qazanmaq üçün hansı keyfiyyətlər vacibdir?
-Yaxşı müəllim yalnız bilik ötürən şəxs deyil, həm də şagirdin düşünmə yolunu açan, onu öz potensialını kəşf etməyə yönləndirən bir bələdçidir. Mənə görə bu peşədə uğur sadəcə dərsi yaxşı izah etməkdən ibarət deyil, eyni zamanda, hər şagirdin fərdi xüsusiyyətini görmək və ona uyğun yanaşma formalaşdırmaq bacarığıdır. Eyni zamanda, müəllimin səbrli olması, şagirdin səhvindən nəticə çıxarmağı bacarması və hər səhvi inkişaf fürsətinə çevirməsi çox önəmlidir. Hesab edirəm ki, yaxşı müəllim öz dərsində təkcə mövzu deyil, həm də motivasiya, inam və düşünmə mədəniyyəti formalaşdırır. Şagirdə bir problemi özü kəşf etməsi üçün şərait yaratmaq ona hazır cavab verməkdən daha dəyərlidir.
-Bakı Dövlət Universitetində aldığınız təhsil və doktorantura mərhələsi sizin elmi dünyagörüşünüzə necə təsir etdi?
-Aldığım ali təhsil dərin elmi biliklərin təməli olub, doktorantura mərhələsi isə bir tədqiqatçı və pedaqoq kimi formalaşmağımda mühüm rol oynadı. Bu mərhələ mənə riyazi problemlərə elmi yanaşma, analitik düşünmə və müstəqil tədqiqat aparmaq bacarıqları qazandırıb. Eyni zamanda, elmi tədqiqatların planlaşdırılması, əldə olunan nəticələrin sistemli şəkildə təhlili və akademik yanaşmanın formalaşdırılması baxımından mənə mühüm və dəyərli təcrübə qazandırıb. Universitet və doktorantura mühiti elmi yenilikləri izləmək, beynəlxalq elmi mənbələrlə işləmək və əldə edilən bilikləri pedaqoji fəaliyyətimdə tətbiq etmək bacarıqlarımın inkişafına əhəmiyyətli təsir göstərib. Bu təcrübə hazırda həm elmi-pedaqoji, həm də dərslik müəllifi kimi fəaliyyətimdə, eləcə də dərslərin təşkilində daha sistemli, araşdırma yönümlü və məqsədyönlü yanaşma formalaşdırmağıma imkan yaradır.
-Riyaziyyat üzrə fəlsəfə doktoru olmaq yolunda qarşılaşdığınız çətinliklər və qazandığınız ən böyük təcrübə nə oldu?
-Çətinliklər inkişafın ayrılmaz bir hissəsidir. Riyaziyyat üzrə fəlsəfə doktoru olmaq yolunda mən də müəyyən çətinliklərlə qarşılaşmışam. Qarşılaşdığım hər bir çətinlik mənə daha dərindən düşünməyi, daha sistemli yanaşmağı öyrətdi. Əldə etdiyim təcrübə və bacarıqlar dərin elmi biliklərə yiyələnməklə yanaşı, elmi tədqiqat və araşdırma bacarıqlarını təkmilləşdirməyə kömək etdi. Eyni zamanda, bu proses mənə elmi axtarışın davamlı inkişaf tələb edən bir yol olduğunu, hər yeni nəticənin isə növbəti araşdırmalar üçün baza yaratdığını göstərdi.

-Müəllimlik fəaliyyətinə başladığınız ilk illəri necə xatırlayırsınız?
-Müəllimlik fəaliyyətinə başladığım ilk illəri böyük məsuliyyət,eyni zamanda, həyəcan hissi ilə xatırlayıram. Hər dərs mənə yeni bir təcrübə qazandırır, bir müəllim kimi pedaqoji bacarıqlarımı inkişaf etdirməyə imkan verirdi. Müəllimlər üçün təkmilləşdirmə təlimlərində iştirak etməyə, qabaqcıl pedaqoji təcrübəni öyrənməyə çalışırdım. Zaman keçdikcə şagirdlərlə ünsiyyətim daha da təbii hal aldı, dərs prosesini idarə etmək və fərqli səviyyədə olan şagirdlərə uyğun yanaşma formalaşdırmaq bacarığım gücləndi. İlk illər həm öyrədici, həm də formalaşdırıcı bir mərhələ olmuşdu.
-Həm məktəbdə, həm də universitetdə fəaliyyət göstərmək sizə hansı üstünlüklər qazandırır?
-Şagirdlərlə işləmək pedaqoji dayanıqlılığını təmin edir, onların düşüncə tərzini, qarşılaşdıqları çətinlikləri və öyrənmə ehtiyaclarını daha yaxından müşahidə etməyə imkan verir. Bu, müəllim və eyni zamanda bir dərslik müəllifi olaraq metodik yanaşmalarımı təkmilləşdirməyə, tədris materiallarını real ehtiyaclara uyğunlaşdırmağa və daha effektiv öyrətmə strategiyaları formalaşdırmağa şərait yaradır.

Universitet mühitində isə bu təcrübəmi nəzəri və metodik biliklərlə zənginləşdirir, müasir tədris yanaşmaları və pedaqoji texnologiyalarla əlaqələndirirəm. Beləliklə, məktəbdə formalaşan praktik təcrübə ilə universitetdə qazandığım elmi-metodik bilikləri inteqrasiya etmək mənə daha sistemli və məqsədyönlü tədris yanaşmalarını müəyyənləşdirməyə kömək edir.

Bu iki mühitdə tədris etmək həm məktəbdə tədris prosesini daha səmərəli təşkil etməyə, həm də gələcək müəllimlərin formalaşmasına daha məqsədyönlü və nəticəyönümlü şəkildə töhfə verməyə imkan yaradır.
-Müasir şagird və tələbələrdə riyaziyyata marağı necə qiymətləndirirsiniz?
-Müasir şagird riyaziyyata marağı ümumilikdə müsbət istiqamətdə inkişaf etsə də, bu marağın səviyyəsi müxtəlif amillərdən asılı olaraq fərqlənir. Xüsusilə süni intellektdən istifadə imkanlarının gündən-günə inkişaf etməsi, vizual və interaktiv öyrənmə vasitələrinin artması riyaziyyatın daha anlaşılan və cəlbedici şəkildə təqdim olunmasına imkan yaradır. Bu da bir qrup şagirddə riyaziyyata olan marağın artmasına səbəb olur.
Tələbələrdə bu yanaşma bir qədər fərqlidir. Riyaziyyat fənni onların gələcəkdə tədris edəcəyi fənn olduğu üçün bu sahəyə daha məsuliyyətli və məqsədyönlü yanaşırlar. Onlar yalnız mövzunu öyrənmək deyil, həm də onu necə izah edəcəklərini, hansı metodlardan istifadə edəcəklərini və şagirdlərdə necə maraq yaradacaqlarını düşünürlər. Hesab edirəm ki, müasir dövrdə riyaziyyata maraq potensial olaraq yüksəkdir və düzgün pedaqoji yanaşmalar tətbiq edildikdə bu marağı daha da gücləndirmək mümkündür. Bu baxımdan müəllimin rolu şagirdlərdə riyazi düşünməyə qarşı müsbət münasibətin formalaşdırılmasında həlledici rol oynayır.

-Dərslərinizdə istifadə etdiyiniz innovativ metod və texnologiyalar hansılardır?
-Təhsilverənin vəzifələrindən biri qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını öyrənmək və tədris prosesində tətbiq etmək, keyfiyyətli təhsil verməkdir. Bir müəllim kimi şagirdlərin dərs prosesinə fəal cəlb olunması, onların məntiqi və tənqidi təfəkkürünün inkişaf etdirilməsi, həmçinin öyrənmənin praktik və maraqlı təşkili üçün əlverişli mühit yaratmağa çalışıram. Bu məqsədlə dərslərimdə fəal təlim üsullarına, diferensial yanaşmaya, problem həllinə əsaslanan fəaliyyətlərə və interaktiv resurslara üstünlük verirəm. 2025-ci ildə Microsoft Certified Educator (MCE) proqramını uğurla başa vurmağım rəqəmsal alətlərdən daha səmərəli istifadə imkanlarını öyrənməyimə kömək oldu. “Microsoft” və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə hazırlanmış "Copilot" və digər süni intellekt alətlərindən də geniş istifadə edirəm. Elektron lövhə təlimçisi kimi Promethean interaktiv lövhələri və ActivInspire proqramı ilə işləmək təcrübəm var. Bu texnologiyalar vasitəsilə vizual və şagirdyönümlü dərs mühiti yaradır, riyazi anlayışların modelləşdirilməsi, həndəsi fiqurların qurulması və interaktiv tapşırıqların tətbiqini həyata keçirirəm.
-Elektron və interaktiv tədris vasitələrinin riyaziyyatın tədrisində rolu barədə fikirləriniz nədir?
-Elektron və interaktiv tədris vasitələri riyaziyyatın tədrisində çox mühüm rol oynayır. Bu vasitələr riyazi anlayışların daha aydın, vizual və praktik şəkildə qavranılmasına imkan yaradır. Xüsusilə abstrakt mövzuların modelləşdirilməsi, qrafiklərin dinamik şəkildə göstərilməsi və interaktiv tapşırıqlar şagirdlərin mövzunu daha dərindən mənimsəməsinə şərait yaradır. Müasir təhsil mühitində rəqəmsal alətlərdən, interaktiv texnologiyalardan və süni intellekt əsaslı platformalardan səmərəli istifadə müəllimin peşəkar fəaliyyətini daha çevik, yaradıcı və effektiv edir. Bu baxımdan müəllimlərə müasir veb alətləri, interaktiv lövhə texnologiyaları, onlayn platformalar və süni intellekt imkanlarından tədris prosesində məqsədyönlü şəkildə yararlanmağı tövsiyə edərdim. Bu alətlər həm dərslərin keyfiyyətini artırır, həm də şagirdlərin motivasiyasının, araşdırma bacarıqlarının və təlim nəticələrinin yüksəlməsinə müsbət təsir göstərir.

-Həmmüəllifi olduğunuz dərslik və metodik vəsaitlərin hazırlanması prosesi necə keçir?
-Ənənəvi təhsil sisteminin süni intellektin ağlasığmaz sürətlə inkişaf etdiyi informasiya cəmiyyətinə adaptasiyası bu gün dünya təhsil ekosistemi qarşısında əsas çağırışlardandır. Bu gün müəllimlərimiz ən müasir təhsil texnologiyalarından istifadə etməyə, dərslərin təşkilində müasir öyrətmə üsullarını tətbiq etməyə və təlimi diferensiallaşdırmağa daha çox üstünlük verməyə çalışırlar. Bu isə nəticəyönümlü və səriştəəsaslı təlim prosesinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Təhsil sisteminin inkişafı təhsilin məzmunu ilə sıx bağlıdır. Bu baxımdan yeni tədris resurslarının hazırlanması prosesi daim təkmilləşdirilir. Müasir tələblərə cavab verən yeni nəsil riyaziyyat dərslik komplektləri (dərslik, metodik vəsaitlər və iş dəftəri) də şagirdlərdə XXI əsr bacarıqlarının əsasını təşkil edən riyazi savadlılığın formalaşdırılmasına xidmət edir. Yeni dərsliklər təcrübəli müəllif heyəti tərəfindən hazırlanır. Dərslik komplekti iki il ərzində pilot siniflərdə sınaqdan keçirilir, müəllimlərin və qiymətləndirmə ekspertlərinin rəyləri əsasında təkmilləşdirilir və bundan sonra kütləvi istifadəyə təqdim olunur. Hazırladığımız yeni dərslik komplektlərində riyazi biliklərin yalnız nəzəri şəkildə mənimsədilməsi deyil, onların gündəlik həyatla əlaqələndirilməsi, praktik situasiyalarda tətbiqi və məntiqi düşünmə bacarıqlarının inkişafı əsas götürülür. Müəllif olaraq məqsədimiz şagirdlərə yalnız nəzəri biliklər vermək deyil, həm də onlarda gündəlik həyatda qarşılaşdıqları problemləri təhlil etmək, məntiqi nəticələr çıxarmaq və praktik düşünmək bacarıqlarını formalaşdırmaqdır. Şagirdlərin problem həll etmə, araşdırma aparma, nəticə çıxarma və əsaslandırma bacarıqlarının formalaşdırılması üçün müxtəlif tipli tapşırıqlara və fəaliyyətlərə geniş yer verilir.
-Beynəlxalq və yerli layihələrdə iştirakınız sizə hansı təcrübələri qazandırdı?
-Beynəlxalq və yerli layihələrdə, xüsusilə eTwinning layihələrində iştirakım mənə zəngin pedaqoji və təşkilati təcrübə qazandırdı. Müxtəlif ölkələrdən olan məktəblərlə əməkdaşlıq etmək, fərqli təhsil sistemlərini və tədris mədəniyyətlərini yaxından tanımaq, müasir və innovativ yanaşmaları praktik şəkildə müqayisə etmək baxımından bu layihələr xüsusi əhəmiyyət daşıdı. Layihələr çərçivəsində şagirdlər arasında onlayn görüşlərin təşkili, birgə fəaliyyətlərin həyata keçirilməsi və vebinarların keçirilməsi onların kommunikasiya bacarıqlarının inkişafına, həmçinin beynəlxalq əməkdaşlıq təcrübəsi qazanmasına imkan yaratdı. Bu proses şagirdlərin motivasiyasını artırmaqla yanaşı, onların rəqəmsal bacarıqlarını da gücləndirdi. İştirak etdiyimiz 12 “eTwinning” layihəsində əldə olunan Avropa və Milli Keyfiyyət Nişanları görülən işin keyfiyyətini təsdiqləməklə yanaşı, həm də bu fəaliyyətlərin məqsədyönlü və səmərəli olduğunu göstərən mühüm göstərici oldu.
-"Elektron Təhsil 2017” müsabiqəsində qazandığınız uğur fəaliyyətinizə necə təsir etdi?
-“Elektron Təhsil 2017” müsabiqəsində, riyaziyyat müəllimləri üçün resurs bazası və internet nominasiyaları üzrə qazandığım uğur fəaliyyətimə mühüm təsir göstərdi. Həmin respublika müsabiqəsində “Ən yaxşı internet resursları” nominasiyası üzrə qazandığım I yer texnologiya yönümlü təhsil layihələrinə olan marağımı daha da artırdı və gələcək uğurlarım üçün stimul oldu. Bu nailiyyət yalnız bir mükafat deyil, eyni zamanda müəllimlərlə əməkdaşlıq əsasında hazırladığım tədris materiallarının, ortaq resurs bazasının yaradılması və onların sistemli şəkildə yerləşdirilməsinin praktik dəyərinin və effektivliyinin təsdiqi oldu.

-Rəhbərlik etdiyiniz layihələrdən hansı nəticələri xüsusi vurğulamaq istərdiniz?
-Elm və Təhsil nazirliyinin qrant müsabiqəsi çərçivəsində rəhbərlik etdiyim “Riyaziyyat fənni üzrə beynəlxalq qiymətləndirmə formatında meyarların hazırlanması” layihəsini xüsusi qeyd edərdim. Bu layihə təhsilin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı şəhəri üzrə 6 məktəbdən sınaqdan keçirildi, nəticələr təhlil edilib təlim nəticələrinin yüksəldilməsi prosesində təkmilləşdirmə üçün istifadə edildi.
-“Sabahın alimləri” müsabiqəsində uğur qazanan layihəniz haqqında nə deyə bilərsiniz?
-“Sabahın alimləri” müsabiqəsində təqdim olunan layihələrdən biri olan və XI Respublika müsabiqəsində II yerə layiq görülən “Danışma məhdudiyyətli insanlar üçün mobil tətbiq” layihəsinin elmi rəhbəri olmağım həm elmi, həm də sosial baxımdan xüsusi əhəmiyyət daşıdı. Bu layihə riyazi və texnoloji biliklərin real sosial ehtiyacların həllinə yönəldilməsinin bariz nümunəsi idi. Layihə çərçivəsində hazırlanmış mobil tətbiq danışma məhdudiyyətli insanlar üçün ünsiyyət imkanlarını asanlaşdırmaq məqsədi daşıyırdı. Tətbiqin işləkliyi və effektivliyi istifadəçi qrupu ilə – danışma məhdudiyyətli insanlarla sınaqdan keçirildi və müsbət rəy aldı. Bu təcrübə şagirdlərə elmi ideyaların praktik tətbiqinin nə qədər vacib olduğunu göstərdi.
-Beynəlxalq konfranslarda, xüsusilə Sinqapurda təqdimatçı kimi çıxış etmək sizin üçün nə ilə yadda qaldı?
-Qabaqcıl pedaqoji təcrübəni öyrənmək və paylaşmaq, eləcə də təhsil sahəsindəki yeniliklərdən daim məlumatlı olmaq üçün müxtəlif yerli və beynəlxalq konfranslarda iştirak etməyə xüsusi önəm verirəm. Bu iştirak mənə həm yeni metodik yanaşmalarla tanış olmaq, həm də öz pedaqoji təcrübəmi zənginləşdirərək onları praktik fəaliyyətdə tətbiq etmək imkanı yaradır. Beynəlxalq konfranslarda, xüsusilə Sinqapurda keçirilən “Innovation in Sustainable Development” mövzusunda Global Research Conference-da təqdimatçı kimi çıxış etmək qlobal miqyasda elmi yenilikləri bölüşmək və beynəlxalq elmi mühitdə təcrübə qazanmaq baxımından yaddaqalan oldu. Konfransda müxtəlif ölkələrdən olan təhsil işçiləri və tədqiqatçılar pedaqoji fəaliyyətləri, innovativ tədris yanaşmaları və dayanıqlı inkişaf istiqamətində həyata keçirdikləri layihələrlə bağlı təqdimatlar etdilər, eyni zamanda geniş fikir mübadiləsi apardılar.
-"Yaradıcı müəllim” müsabiqəsində qalib olmaq sizin üçün nə ifadə edir?
-“Yaradıcı müəllim” müsabiqəsində “Eratosthenes” eksperimenti ilə iştirak etmişdim. Qədim yunan alimi Eratosthenesin ideyasına əsaslanan bu fəaliyyət şagirdlərə riyaziyyatın real həyatla əlaqəsini daha aydın göstərmək, ölçmə, bucaq və məsafə anlayışlarını praktik şəkildə izah etmək imkanı yaratdı. Layihə çərçivəsində iki ölkə arasında eyni zamanda, aparılan paralel təcrübə isə şagirdlərdə beynəlxalq əməkdaşlıq, müqayisəli təhlil və elmi nəticələrin ümumiləşdirilməsi bacarıqlarını inkişaf etdirdi. Müxtəlif coğrafi mövqelərdə eyni metodla aparılan ölçmələrin nəticələrinin müqayisə edilməsi onların riyazi düşünmə və analitik yanaşma bacarıqlarını gücləndirməyə kömək etdi. Qazandığım nailiyyətdə qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və tətbiqi xüsusi rol oynadı. Dərs prosesində innovativ yanaşmaların, şagirdyönümlü metodların və yaradıcı təlim strategiyalarının tətbiqi bu uğurun əsasını təşkil etdi.

-Riyaziyyat müəllimləri üçün yaratdığınız resurs bazasının əsas məqsədi nədir?
-Riyaziyyat müəllimləri üçün hazırladığım hg-riyaziyyat-alemi.blogspot.com bloqunun əsas məqsədi həmkarlarım üçün zəngin resurs bazası yaratmaq və riyaziyyatın tədrisi sahəsində təcrübə mübadiləsini asanlaşdırmaqdır. Bu baza müəllimlərə dərsləri planlaşdırmaq, mövzuları daha aydın və vizual şəkildə təqdim etmək, eləcə də şagirdlərin fərdi öyrənmə ehtiyaclarına uyğun materiallardan istifadə etmək imkanı yaradır. Eyni zamanda, resurs bazası müəllimlər arasında təcrübə mübadiləsini gücləndirir və ən yaxşı pedaqoji yanaşmaların paylaşılmasına xidmət edir. Ümumilikdə, əsas məqsəd riyaziyyatın tədrisində vahid, müasir və praktik yönümlü bir metodik dəstək sistemi formalaşdırmaqdır.
-Müəllim kimi sizi ən çox motivasiya edən amillər hansılardır?
-Müəllim kimi məni ən çox motivasiya edən amil şagirdlərin öyrənməyə marağının artmasını, onların inkişafını və əldə etdikləri nailiyyətləri görməkdir. Şagirdin əvvəl çətin hesab etdiyi bir mövzunu dərk etməsi, məsələləri müstəqil şəkildə həll etməsi və özünəinam qazanması mənə böyük mənəvi məmnunluq verir. Bu uğurlar mənim müəllimlik fəaliyyətimə daha böyük həvəslə davam etməyimə stimul yaradır.

-Gələcək planlarınız nələrdir? Təhsil sahəsində hansı yenilikləri tətbiq etməyi düşünürsünüz?
-Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında elm və təhsil naziri Emin Əmrullayev çıxışında təhsildə aparılan islahatların nəticələrinin qısa müddətdə deyil, uzunmüddətli perspektivdə özünü göstərəcəyini vurğulamışdı. Nazir qeyd etmişdi ki, bu gün inkişaf üçün atılan addımların real nəticələri təxminən 10 ildən sonra daha aydın şəkildə müşahidə olunacaq. Bu fikir təhsil sahəsində davamlı və strateji yanaşmanın vacibliyini ön plana çıxarır. Hər bir təhsil işçisi təhsil prosesinin keyfiyyətinin artırılması, müasir, əlçatan və şagirdyönümlü şəkildə tədrisi üçün daim özünü inkişaf etdirməli, yeni pedaqoji yanaşmaları öyrənməli və onları praktik fəaliyyətində tətbiq etməyə çalışmalıdır. Bu istiqamətdə müəllimlər üçün yeni formatda təlimlərin təşkili, rəqəmsal resursların genişləndirilməsi, interaktiv tədris materiallarının hazırlanması və fərdiləşdirilmiş öyrənmə yanaşmalarının tətbiqi əsas prioritet istiqamətlərdəndir. Həmçinin, mühüm fəaliyyət istiqamətlərindən biri kimi video.edu.az portalının təkmilləşdirilməsini məsafədən təhsil üçün xüsusilə əhəmiyyətli düşünürəm. Bu platformada riyaziyyat dərslərinin videoizahlarının hazırlanması prosesində iştirak edən bir müəllim kimi, təkcə riyaziyyat deyil, digər fənlər üzrə də müxtəlif mövzuların geniş və sistemli videoizahlarının təqdim edildiyini vurğulamaq istəyirəm. Bu resursların məktəblərdə daha geniş tanıdılması məqsədilə maarifləndirmə görüşlərinin təşkili də faydalı olar. Belə tədbirlər həm müəllimlərin, həm də şagirdlərin platformadan daha səmərəli istifadə etməsinə şərait yaradar. Ümumilikdə, bu cür rəqəmsal resurslar şagirdlərin mövzuları daha aydın və rahat mənimsəməsinə, həmçinin tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir. Gələcəkdə bu resursların daha da təkmilləşdirilməsi, interaktiv elementlərlə zənginləşdirilməsi və daha geniş auditoriya üçün əlçatanlığının artırılması məqsədəuyğundur. Müəllim hazırlığı istiqamətində isə gələcək müəllimlər üçün metodik tövsiyələrin, dəstək materiallarının, onlayn resurs bazalarının və praktiki təlim modullarının hazırlanmasını əhəmiyyətli hesab edirəm.
-Son dərs gününüzü necə təsəvvür edirsiniz?
-Maraqlı və düşündürücü sual oldu. Həmin gün pedaqoji fəaliyyətim dövründə keçdiyimiz dərslər, çətinliklər və uğurlar bir xatirəyə çevriləcək. Amma geridə qalan ən böyük dəyər şagirdlərimin, tələbələrimin düşünməyi bacaran, öz yolunu tapan və özünə inanan insanlar kimi yetişməsi olacaq. Son dərs günümü düşünəndə, bunu sadəcə bir dərsin bitməsi kimi yox, uzun illərin zəhmətinin, səbrinin və xatirələrinin hesabat anı kimi təsəvvür edirəm.
Günay Hüseynzadənin həyat yolu elmə, təhsilə və gənc nəslin inkişafına xidmət edən nümunəvi bir fəaliyyətdir. Onun zəhməti, peşəkarlığı və müəllim adına verdiyi dəyər gələcək nəsillər üçün örnəkdir. Günay müəllimə, təhsilin inkişafına verdiyiniz qiymətli töhfələrə görə təşəkkür edirik. Sizə möhkəm can sağlığı, yeni uğurlar, elmi və pedaqoji fəaliyyətinizdə daim yüksəliş arzulayırıq. Uğurlarınız bol, yolunuz daim işıqlı olsun!