Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) paytaxt Bakıda həyata keçirilən söküntü və abadlıq işləri, vətəndaşların məmnuniyyətinin təmin olunması, habelə kompensasiyaların obyektiv və şəffaf şəkildə müəyyənləşdirilməsi məqsədilə yaradılmış AQC Tikinti, Abadlıq və Köçürülmə (TAK) Komissiyasının ilk geniştərkibli iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasda son dövrlər paytaxtın müxtəlif ərazilərində aparılan söküntü prosesləri zamanı vətəndaşların qarşılaşdığı problemlər, kompensasiya məbləğlərinin hesablanmasında vahid yanaşmanın formalaşdırılması, peşəkar qiymətləndirmə standartlarının tətbiqi və tikinti şirkətləri ilə sakinlər arasında sağlam dialoqun qurulması əsas müzakirə mövzuları olub.
AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc çıxışında bildirib ki, ölkədə şəhərsalma proseslərinin intensivləşdiyi, eyni zamanda Şəhərsalma və Arxitektura Forumuna hazırlıq getdiyi bir dövrdə söküntü və köçürülmə məsələləri daha həssas yanaşma tələb edir. O qeyd edib ki, əsas məqsəd bütün proseslərin mövcud qanunvericiliyə uyğun, şəffaf və sosial ədalət prinsipləri əsasında həyata keçirilməsidir.
“Vətəndaşlara ödəniləcək kompensasiyalar real bazar qiymətlərinə və beynəlxalq qiymətləndirmə standartlarına uyğun hesablanmalıdır. İnsanların mülkiyyət hüquqları qorunmalı, onların narazılığına səbəb ola biləcək halların qarşısı peşəkar yanaşma ilə alınmalıdır. AQC bu prosesdə həm ekspert platforması, həm də ictimai etimad institutu kimi fəaliyyət göstərəcək”, – deyə Vüqar Oruc vurğulayıb.
Komissiyanın sədri, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, TAK Komissiyası həm dövlət qurumları, həm özəl şirkətlər həm də vətəndaşlar üçün etibarlı və peşəkar platforma rolunu oynayacaq.
“Biz daşınmaz əmlak bazarındakı mövcud vəziyyəti davamlı şəkildə təhlil edəcəyik. Müstəqil qiymətləndirmə rəylərinin əhəmiyyətini artırmaq, kompensasiyaların obyektiv hesablanmasına töhfə vermək və tərəflər arasında yaranan fikir ayrılıqlarını minimuma endirmək əsas hədəflərimizdəndir”, – deyə o qeyd edib.
Komissiyanın üzvü, iqtisadçı ekspert Asif İbrahimov çıxışında vurğulayıb ki, söküntü zonalarında mülkiyyəti olan şəxslərin hüquqlarının müdafiəsi iqtisadi ədalət prinsipinə söykənməlidir.
“Kompensasiya mexanizmlərinin düzgün qurulması həm vətəndaşların sosial rifahı, həm də şəhərsalma layihələrinin iqtisadi səmərəliliyi baxımından həlledici əhəmiyyət daşıyır. Bu sahədə şəffaf və elmi əsaslandırılmış yanaşma vacibdir”, – deyə Asif İbrahimov bildirib.
Komissiyanın üzvü, iqtisadçı ekspert Firdovsi Xəlilov bildirib ki, söküntü prosesində iştirak edən bütün tərəflər arasında obyektivliyin təmin olunması üçün AQC-nin ekspert potensialından maksimum istifadə ediləcək.
“Şəffaflığın və peşəkarlığın təmin olunması həm vətəndaşların hüquqlarının qorunmasına, həm də tikinti sektorunun sağlam inkişafına xidmət edir. Müstəqil ekspert rəyləri bu prosesdə mühüm rol oynayacaq”, – deyə Firdovsi Xəlilov qeyd edib.
Komissiyanın üzvü, hüquqşünas Mayıl Əhməd çıxışında bildirib ki, söküntü və köçürülmə proseslərində vətəndaşların hüquqi məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır.
“Bir çox hallarda vətəndaşlar öz hüquqlarını tam şəkildə bilmədikləri üçün müəyyən çətinliklərlə qarşılaşırlar. Komissiya daxilində hüquqi dəstək mexanizmlərinin gücləndirilməsi, müraciətlərin operativ araşdırılması və qanunvericilik çərçivəsində həll yollarının təqdim olunması əsas fəaliyyət istiqamətlərimizdən olacaq”, – deyə Mayıl Əhməd bildirib.
Komissiyanın digər üzvü, memar Cahid Həsənov isə çıxışında şəhərsalma və memarlıq baxımından söküntü proseslərinin sistemli və balanslı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
“Abadlıq və yenidənqurma layihələri həyata keçirilərkən həm şəhərin memarlıq görünüşü, həm də sakinlərin sosial maraqları nəzərə alınmalıdır. Müasir şəhərsalma prinsipləri insanların rahat yaşayış mühitinin formalaşdırılmasını tələb edir. Bu baxımdan, söküntü prosesləri yalnız texniki deyil, həm də sosial məsuliyyət məsələsidir”, – deyə Cahid Həsənov qeyd edib.
İclasın sonunda qərara alınıb ki, TAK Komissiyası söküntü zonalarında mülkiyyəti olan şəxslərin hüquqlarının müdafiəsi məqsədilə mütəmadi monitorinqlər həyata keçirsin, vətəndaş müraciətlərini operativ şəkildə araşdırsın və müstəqil ekspert rəylərinin hazırlanmasını təmin etsin.
Komissiyanın eyni zamanda aidiyyəti dövlət qurumları, tikinti şirkətləri və vətəndaş cəmiyyəti institutları ilə koordinasiyalı fəaliyyət göstərməsi planlaşdırılır.
“Caspian Agro Week” sərgisində “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu keçirilib
İİTKM-də “Azərbaycanı Tanımaq” proqramı çərçivəsində Türkiyədən gələn akademik heyətlə görüş keçirilib