10 may 2026 09:44
88

Alimlərdən yeni kəşf

Britaniyalı tədqiqatçılar bütün məlum həyat formalarından fərqli genetik koddan istifadə edən mikroskopik orqanizm aşkar ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə "PLOS Genetics" jurnalında məlumat verilib.

Qeyri-adi kəşf alimlər tərəfindən təsadüfən, ayrı-ayrı hüceyrələrin DNT ardıcıllığını müəyyənləşdirmə texnologiyası sınaqdan keçirilərkən edilib.

Təcrübə üçün alimlər Oksford Universitetinin parkındakı gölməçədən ibtidai orqanizm nümunəsi götürüblər. Yeni növə "Oligohymenophorea sp. PL0344" adı verilib.

Məlum olub ki, bu mikroorqanizm biologiyanın fundamental qaydalarından birini - stop-kodonların istifadəsi prinsipini pozur. Adətən genetik kodda hüceyrəyə zülal sintezini dayandırmağı bildirən üç xüsusi siqnal mövcuddur: TAA, TAG və TGA.

Canlıların böyük əksəriyyətində bu "durğu işarələri" eyni şəkildə fəaliyyət göstərir. Təbiətdə nadir hallarda bəzi istisnalara rast gəlinir və stop-kodonlar yeni məna qazana bilir. Lakin TAA və TAG kodonları adətən birlikdə dəyişərək eyni amin turşusunu kodlaşdırmağa başlayır.

Yeni aşkar olunan orqanizm isə bu baxımdan unikaldır. Belə ki, onda TAA lizin amin turşusunu, TAG isə qlutamin amin turşusunu kodlaşdırır. Bu halda yeganə həqiqi stop-kodon kimi yalnız TGA qalır.

"Bu, son dərəcə qeyri-adidir. Biz indiyədək iki keçmiş stop-kodonun fərqli amin turşularını kodlaşdırdığı başqa bir hala rast gəlməmişik", - deyə tədqiqatın rəhbəri Ceymi Makqouen bildirib.

Alimlər qeyd edirlər ki, bu kəşf uzun illər Yer üzündəki bütün həyat formaları üçün demək olar universal hesab olunan genetik kodun sabitliyi ilə bağlı təsəvvürləri dəyişə bilər.

Tədqiqatçıların fikrincə, bu tapıntı elmə mikroskopik həyat formaları barədə hələ nə qədər az məlumatın məlum olduğunu bir daha göstərir.

"Təəccüblüdür ki, biz bunu tamamilə təsadüfən, sadəcə DNT ardıcıllığını müəyyənləşdirmə metodunu sınaqdan keçirərkən aşkar etdik. Bu, təbiətdə hələ nə qədər qeyri-adi genetik sistemlərin gizləndiyini xatırladır", - deyə Makqouen vurğulayıb.