10 may 2026 16:59
134

Ermənistan xalqının başı dərddə olacaq, əgər... - ŞƏRH

Hazırda Ermənistan böyük siyasi proses astanasındadır. Yəni, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Məlumata görə, Mərkəzi Seçki Komissiyasına seçkilərdə iştirak etmək üçün  17 partiya və 2 partiya bloku ərizə ilə müraciət edib. Seçkidə iştirak edəcəklərin siyahısında Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası, eləcə də Ermənistanın sabiq Prezidenti Robert Köçəryanın "Ermənistan" ("Hayastan"), Narek Karapetyanın "Güclü Ermənistan" blokları da var. Ermənistan parlament respublikası olduğundan həmin seçkilər bu ölkə üçün çox önəmlidir.

Hökumətin formalaşması məhz seçkilərin nəticələrindən asılıdır. Odur ki, bölgədə yeni reallıqlar yaradan, beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycana qarşı aqressiv mövqe nümayiş etdirən Ermənistandakı müəyyən qüvvələr, xüsusilə Rusiyapərəst revanşistlər hakimiyyət uğrunda ciddi mübarizə aparırlar. Hətta onlar məqsədlərinə nail olmaq üçün sülhlə bağlı saxta hekayələr uydurur, sadə erməniləri ələ almaq üçün dəridən-qabıqdan çıxırlar. Məsələn, “Ermənistan” blokunun baş nazirliyə namizədi, revanşist düşərgənin əsas simalarından biri olan Robert Köçəryan 8 mayda Eçmiədzində seçki kampaniyası çərçivəsində keçirdiyi mitinqdə əldə olunan sülhü rüsvayçılıq adlandırıb. Rusiyalı iş adamı Samvel Karapetyan isə çıxışında Azərbaycanın suverenliyi əleyhinə, xüsusən də Qarabağla bağlı təxribatçı fikirlər səsləndirib. Ermənistan baş nazirliyinə iddialı Karapetyan Bakı və İrəvan arasındakı hazırkı sülh prosesinə qarşı olduğunu da gizlətməyib. “Ermənistan” parlament fraksiyasının lideri və keçmiş müdafiə naziri Seyran Ohanyan İkinci Dünya müharibəsinin bitməsinin ildönümü ilə bağlı tədbirdə çıxış edərkən Azərbaycanı müharibə ilə hədələyib.

Yeri gəlmişkən qeyd edək ki, son günlər daxili siyasi vəziyyəti gərginləşdirən belə çıxışların sayı artmaqdadır. Ermənistandakı radikal müxalifət və revanşist qruplar bir qayda olaraq Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsini süni surətdə qabardır və bunu xalqa başqa yöndən izah etməyə çalışırlar. Bütün bunlar bir daha göstərir ki, öz şəxsi maraqlarından çıxış edən, xaricdən gələn şirnikləndirici təkliflərə uyan revanşist düşüncəli şəxslər öz ölkələrinin müqəddəratını əsla düşünmürlər. Bu mənada onların məqsədi erməni xalqını yenidən keçmişə, fəlakətə sürükləməkdən və bu yolla qazanc əldə etməkdir. Nə yazıq ki, ölkədə hələ də onların vədlərinə aldanıb arxalarınca gedən qüvvələr var. Bu isə o deməkdir ki, onlar hələ də sülh içində yaşamağın nə demək olduğunu, sülh prosesinin yeni strateji imkanlar açdığını, düşmənçilik səhifəsinin bağlandığını anlamaqda çətinlik çəkirlər. 

Yeri gəlmişkən, hazırda Ermənistan iqtidarı da sülh prinsipiallığı nümayiş etdirir. Hətta baş nazir Paşinyan və komandası bu prosesə qarşı çıxan daxildəki müxaliflərin ictimai rəydə çaşqınlıq yaratmaq cəhdlərinin qarşısını almağa çalışır. Siyasətçilərin fikrincə, əhalinin əksər hissəsi ölkədə sabitlik və sülh tərəfdarı olan, Ermənistana dinclik, əmin-amanlıq gətirməyə çalışan hazırkı baş nazir Nikol Paşinyanı və onun siyasi komandasını dəstəkləməyə meyillidir. 

Bəs, revanşistlər hakimiyyətə gəlsələr nə baş verə bilər? Prezident İlham Əliyev mayın 10-da, Ulu Öndər Heydər Əliyevin doğum günündə Zəngilan şəhərində sakinlərlə görüşündə bu suala konkret cavab verib: “Biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”