Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan alimi və naşiri, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadir Məmmədlinin “1926-cı il Birinci Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının təqdimat mərasimi keçirilib.
MDU-dan “İki sahil”ə verilən məlumata görə, təqdimat mərasimində Dilçilik İnstitutunun əməkdaşları, MDU-nun akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri açan MDU-nun rektoru Anar Eminov Birinci Türkoloji Qurultayın Azərbaycan və ümumtürk elmi-mədəni fikir tarixində mühüm hadisə olduğunu vurğulayıb. Rektor qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilmiş qurultay türk xalqları arasında elmi, mədəni və dil birliyinin formalaşmasına mühüm töhfə verib, türkologiya elminin inkişafında yeni mərhələnin əsasını qoyub. Anar Eminov bildirib ki, Nadir Məmmədlinin müəllifi olduğu nəşr həmin tarixi hadisəyə müasir elmi baxış təqdim etməklə yanaşı, zəngin arxiv materialları və dövrün mətbuat nümunələri əsasında türkoloji irsin daha dərindən öyrənilməsinə xidmət edir. O, universitetdə humanitar və filoloji istiqamətlər üzrə aparılan elmi fəaliyyətlərin genişləndirilməsinin, milli-mənəvi irsin tədqiqinin və gənc nəslin bu istiqamətdə maarifləndirilməsinin MDU üçün prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Rektor, eyni zamanda, Dilçilik İnstitutu tərəfindən MDU-nun kitabxana fonduna 500-dən çox kitabın hədiyyə edilməsini yüksək qiymətləndirərək bu dəyərli təşəbbüsə görə institut rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Anar Eminov qeyd edib ki, belə nəşrlər universitetdə elmi-tədqiqat mühitinin zənginləşdirilməsinə, tələbə və tədqiqatçıların elmi resurslara çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Daha sonra çıxış edən Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bildirib ki, kitabda Birinci Türkoloji Qurultayın keçirildiyi ictimai-siyasi mühit, türkdilli xalqların ortaq əlifba və ədəbi dil məsələləri, eləcə də qurultayın Türk dünyasının inteqrasiyasında oynadığı tarixi rol geniş şəkildə araşdırılıb. Nəşrdə uzun illər elmi ictimaiyyət üçün əlçatan olmayan arxiv sənədləri, stenoqramlar və dövrün mətbuat materialları yer alır. Bu cür tədqiqatlar repressiyaya məruz qalmış türkoloq alimlərin elmi irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Nadir Məmmədli çıxışında Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsəri ilə bağlı həyata keçirilən tədqiqatların da türkologiya elminin inkişafı baxımından əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O bildirib ki, “Divanü lüğat-it-türk” yalnız lüğət deyil, türk xalqlarının dili, etnoqrafiyası, folkloru, coğrafiyası və mədəni yaddaşını özündə əks etdirən zəngin elmi-mədəni abidədir. Professor qeyd edib ki, əsərdə türk tayfalarının dil xüsusiyyətləri, ləhcələri, atalar sözləri, şeir nümunələri və ilk tematik dünya xəritələrindən biri yer alır. Professor, həmçinin bildirib ki, ötən əsrin 30-cu illərində özbəkəsilli Azərbaycan alimi Xalid Səid Xocayev tərəfindən əsərin ərəb dilindən Azərbaycan dilinə edilmiş ilk tərcüməsinin uzun illər itmiş hesab olunan hissələrinin yenidən üzə çıxarılması türkologiya elmi üçün mühüm hadisə olub. Nadir Məmmədlinin rəhbərliyi ilə aparılan araşdırmalar nəticəsində həmin materialların Dilçilik İnstitutunun arxivində aşkar olunaraq yenidən elmi ictimaiyyətə təqdim edildiyi vurğulanıb.
İnstitutun Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov öz çıxışında Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi və mədəni həmrəyliyinin möhkəmləndirilməsində mühüm platforma olduğunu bildirib. O, qurultayın qəbul etdiyi qərarların sonrakı dövrlərdə türkologiya elminin inkişaf istiqamətlərinə ciddi təsir göstərdiyini vurğulayıb. İsmayıl Kazımov Nadir Məmmədlinin tədqiqatının elmi dəyərini yüksək qiymətləndirərək nəşrin həm tədqiqatçılar, həm də gənc filoloqlar üçün mühüm mənbə rolunu oynadığını diqqətə çatdırıb.
Tədbirdə daha sonra “Türkologiyanın böyük uğuru”, “Keçmişdən gələcəyə uzanan tarixi körpü”, “Türkoloji irsin qorunması və gələcək nəsillərə ötürülməsində Nadir Məmmədlinin “1926-cı il Birinci Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının əhəmiyyəti”, “1926-cı il Birinci Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının dili və üslubu”, “Birinci Türkoloji Qurultayın tarixi missiyası Nadir Məmmədlinin tədqiqatlarında” və “Latın qrafikalı əlifbaya keçid ideyası “1926-cı il Birinci Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının işığında” mövzularında məruzələr dinlənilib.
Sonda iştirakçılar müəlliflə fikir mübadiləsi aparıblar.