17 may 2026 00:42
114

Nigeriyanın şimal-şərqində 42 məktəbli silahlılar tərəfindən qaçırılıb

Nigeriyanın şimal-şərqində silahlı şəxslər 42 məktəblini qaçırıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Borno ştatının qanunverici şurasının nümayəndsi Məhəmməd Əli Numi məlumat verib. Onun sözlərinə görə, qaçırılma hadisəsi ölkənin şimal-şərqində, Sambisa meşəsinin yaxınlığında yerləşən Musa kəndindəki ibtidai məktəbdə baş verib.

Yerli sakinlərin məlumatına görə isə girov götürülənlərin sayı 48 nəfərdir. Məlumata görə, hadisə cümə günü Nigeriya hərbi qüvvələrinin ərazidən geri çəkilməsindən dərhal sonra baş verib. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. Qeyd olunur ki, bölgədə “Boko Haram” və “İŞİD – Qərbi Afrika vilayəti” terror təşkilatları fəaliyyət göstərir.

Eyni zamanda, Nigeriya və ABŞ hərbçiləri şənbə günü birgə əməliyyat nəticəsində “İŞİD” terror təşkilatının yüksəkrütbəli liderlərindən biri olan Əbu Bilal əl-Manukini öldürüb.

Nigeriya Müdafiə Qüvvələrinin bəyanatında qeyd olunub ki, Əbu Bilal əl-Manuki təşkilatın ən fəal liderlərindən biri hesab olunurdu və Nigeriyadan kənarda fəaliyyət göstərən strukturların koordinasiyasında mühüm rol oynayırdı.

Qeyd edək ki, Nigeriya son 17 ildə terror qruplaşmalarına qarşı mübarizə aparır. Bu qruplar hərbi taktika kimi tez-tez kütləvi adam oğurluqlarından istifadə edirlər.