Alimlər insanların böyük əksəriyyətinin niyə sağ əlindən istifadə etdiklərini araşdıraraq bunun səbəbinin əllərlə deyil, əsasən ayaqlar və beynin inkişafı ilə bağlı olduğunu müəyyən ediblər.
Dünyada insanların təxminən 90 faizi sağ əlindən, 10 faizi isə sol əlindən daha çox istifadə edir. Tədqiqatçılar uzun illər bu fərqin səbəbini araşdırsalar da, indiyədək dəqiq nəticə əldə olunmamışdı. Beyin quruluşu, genetika və mədəni fərqlər bu üstünlüyü tam izah etmirdi.
Oksford Universitetinin alimləri 41 müxtəlif meymun və insanabənzər meymun növünə aid 2025 fərdin məlumatlarını təhlil edərək insanlarla müqayisə aparıblar. Araşdırma zamanı qidalanma, yaşayış mühiti, bədən quruluşu, sosial münasibətlər, alət istifadəsi və hərəkət forması kimi amillər nəzərə alınıb. Nəticələr göstərib ki, digər primatlarda bir əlin digər ələ nisbətdə üstünlüyü geniş yayılmasa da, insanlarda sağ əlin istifadəsi açıq şəkildə üstünlük təşkil edir. Daha sonra alimlər araşdırmaya beyin ölçüsü və qol-ayaq nisbəti faktorlarını da əlavə ediblər. İnsanların ayaqlarının qollarına nisbətən daha uzun olması onların iki ayaq üzərində hərəkət etməsi ilə əlaqələndirilib. Bu amillər nəzərə alındıqdan sonra insanların sağ əlli olmasının təsadüfi olmadığı ortaya çıxıb. “PLOS Biology” jurnalında dərc olunan araşdırmaya görə, sağ əlin üstünlüyü böyük beyin və uzun ayaqlarla bağlıdır.
Araşdırmanın həmmüəllifi Thomas Püsche bildirib ki, nəticələr sağ əlin üstünlüyünün insanı digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərlə əlaqəli olduğunu göstərir. Onun sözlərinə görə, insanların iki ayaq üzərində yeriməyə başlaması əllərin yeni funksiyalar qazanmasına şərait yaradıb. Əllər zamanla alət istifadəsi və əşyaların daşınması üçün daha aktiv istifadə olunmağa başlayıb.
Araşdırma zamanı qədim insan növlərində sağ əlin üstünlüyünün daha zəif olduğu da müəyyən edilib. Bu xüsusiyyət Homo erectus və Neandertallarda daha da güclənərək müasir insanlarda ən yüksək səviyyəyə çatıb. Tədqiqatçılar gələcək araşdırmalarda mədəniyyətin sağ əlliliyin yayılmasına təsirini və solaxaylığın niyə hələ də mövcud olduğunu araşdırmağı planlaşdırırlar.
Şahnigar Əhmədova, “İki sahil”