19 may 2026 21:09
181

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istedadları WUF13 “Urban Expo” sərgi məkanında konsert proqramı ilə çıxış edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçi və benefisiarları Bakıda keçirilən WUF13-ün “Urban Expo” sərgi məkanında inklüziv konsert proqramı ilə çıxış ediblər.  “İki sahil” xəbər verir ki, konsert proqramından əvvəl forum iştirakçılarına Mərkəzin fəaliyyət istiqamətləri, eləcə də həssas əhali qruplarının sosial inteqrasiyası və inklüziv mühitin yaradılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. Fəaliyyət müddəti ərzində Mərkəz və filiallarında 1000-dən artıq şəxsə xidmət göstərildiyi, təlimçi və benefisiarların respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı, yaradıcılıqlarının tanıdılması məqsədilə görülən işlərdən bəhs olunub. Mərkəzin “İnklüzivliyin və yaradıcılığın qovuşduğu məkan” mövzusunda təşkil edilən pavilyonunda fotoqrafiya təlimlərinə cəlb olunmuş benefisiarların əl işlərindən ibarət xüsusi sərgi də təqdim edilib. Sərgidə həssas qruplara aid istedadlı müəlliflərin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində paytaxtın müxtəlif məkanlarında lentə aldıqları və Bakının memarlıq abidələrini əks etdirən fotoları nümayiş etdirilir. Bundan əlavə, tədbir çərçivəsində təşkil olunan bədii oyma master-klassı iştirakçılara bu qədim sənətin incəlikləri ilə yaxından tanış olmaq imkanı yaradıb.

Forum müddətində qonaqları Azərbaycanın zəngin mədəniyyəti ilə tanış etmək və cəmiyyətdə inklüzivliyi təşviq etmək məqsədilə Mərkəz üzvləri tərəfindən müxtəlif yaradıcılıq proqramlarının nümayişi də nəzərdə tutulur.