20 may 2026 22:50
133

AÇ ilə DÇ-nin təsnifat mərhələsi ÇL formatında keçiriləcək

UEFA İcraiyyə Komitəsi İstanbulda keçirilən iclasında bir sıra mühüm dəyişiklikləri təsdiqləyib.

“İki sahil” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, kişi milli komandaları üçün yeni yarış formatları 2028-ci ildən etibarən qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, Avropa və ya dünya çempionatının seçmə mərhələsi iki liqaya bölünəcək. Millətlər Liqasının nəticələrinə görə, ən güclü 36 komanda 1-ci liqada mübarizə aparacaq. Onlar üç səbət əsasında hər birində 12 komanda olmaqla üç qrupa bölünəcəklər. Hər bir yığma ümumilikdə altı oyun keçirəcək: hər səbətdəki rəqiblərlə iki matç. 2-ci liqada isə 18 və ya 19 komanda yarışacaq.

1-ci liqada qrup qalibləri Avropa və ya dünya çempionatına birbaşa vəsiqə qazanacaqlar. Digər yerlər isə pley-off sistemi vasitəsilə sahiblərini tapacaq ki, bura 2-ci liqanın da ən yaxşı komandaları daxil olacaq. Yaxın aylarda konsept üzərində tamamlanma işləri aparılacaq və yekun variant sentyabrın 15-də keçiriləcək növbəti İcraiyyə Komitəsinin iclasında təsdiq üçün təqdim olunacaq.

Əvvəllər Avropa çempionatına vəsiqəni yalnız seçmə qrupların qalibləri qazanırdı, ikinci yeri tutan komandalar isə pley-off matçlarına yollanırdılar. Pley-off mərhələsindəki əlavə yerlər isə Millətlər Liqasında öz qruplarının qalibi olmuş yığmalara qismət olurdu.

Millətlər Liqasının strukturu isə 2028/29 mövsümündən etibarən dəyişəcək: hər birində 18 komanda olmaqla üç liqa yaradılacaq. Yığmalar altı komandadan ibarət qruplarda qərarlaşacaqlar. Hər komanda beş fərqli rəqibə qarşı altı oyun keçirəcək: müxtəlif səbətlərdən olan rəqiblərlə evdə və ya səfərdə, öz səbətindən olan rəqiblə isə həm evdə, həm də səfərdə qarşılaşacaq. Pley-off formatı isə dəyişməz qalacaq.

Yeni reqlamentə görə, turnirinə ev sahibliyi edən ölkələr əsas mərhələyə avtomatik vəsiqə qazanırlar. Buna baxmayaraq, onlar seçmə mərhələdə yenə də iştirak edəcəklər - bu, onların növbəti Millətlər Liqasındakı püşkatma səbətinə təsir göstərəcək.