21 may 2026 10:36
142

WUF13 qlobal şəhər problemlərinə ortaq həll yolları yaradır - Pakistanlı nümayəndə

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) beşinci günü də dinamik və məhsuldar müzakirələrlə yadda qalır. Qlobal şəhərsalma çağırışlarının müzakirə olunduğu bu mühüm platformada iştirakçılar müxtəlif ölkələri təmsil edərək öz təcrübə və baxışlarını bölüşürlər.

“İki sahil” olaraq biz də forumun gedişini izləyir, iştirakçıların tədbirlə bağlı təəssüratlarını və gözləntilərini öyrənirik.

Mən uzun illərdir Bakıda yaşayıram və burada sahibkarlıq fəaliyyəti ilə məşğulam. Əsas fəaliyyət istiqamətlərimizdən biri yeni şəhərlərin və yaşayış məntəqələrinin planlaşdırılmasıdır. Müasir dövrdə şəhərsalma layihələri dünyanın ən vacib və strateji sahələrindən biri hesab olunur. Yeni şəhərlərin qurulması yalnız binaların inşası ilə məhdudlaşmır.  Bu proses geniş və dəqiq planlaşdırma tələb edən mühəndislik, infrastruktur və idarəetmə işlərini əhatə edir.

Bunu “İki sahil”ə açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Mohabat Ali söyləyib.

Onun sözlərinə görə, şəhərsalma layihələrinin əsasını yolların çəkilməsi, qaz, su və elektrik xətlərinin qurulması, həmçinin kanalizasiya sistemlərinin yaradılması təşkil edir. Bütün bu işlər müəyyən qayda və qanunlar əsasında həyata keçirilir. Layihələrin əvvəlcədən düzgün hazırlanması şəhərin gələcək inkişafı və insanların rahat yaşayışı üçün mühüm əhəmiyyət daşıyır.

Forum iştirakçısı vurğulayıb ki, xüsusilə kanalizasiya sistemi şəhər infrastrukturunun ən vacib hissələrindən biridir. Bu sahədə yaranan problemlər şəhərlərin gündəlik fəaliyyətinə və insanların həyat şəraitinə ciddi təsir göstərə bilər. Buna görə də yeni yaşayış məntəqələri salınarkən kanalizasiya, su və qaz xətləri əvvəlcədən peşəkar şəkildə planlaşdırılır və layihələndirilir. Düzgün qurulmuş infrastruktur gələcəkdə yarana biləcək bir çox problemlərin qarşısını alır.

Pakistanlı nümayəndə diqqətə çatdırıb ki, əsasən şəhərciklərin və müasir yaşayış layihələrinin hazırlanması ilə məşğul olur:”Bu işdə hər bir detalın xüsusi rolu var. Yol şəbəkəsi, kommunikasiya xətləri, qaz və su sistemləri, eləcə də kanalizasiya infrastrukturu şəhərin davamlı inkişafı üçün əsas amillər hesab olunur. Məhz buna görə də planlaşdırma mərhələsi bütün layihələrin ən vacib hissəsi sayılır”.

Forum əhəmiyyətində də söz açan həmsöhbətim qeyd edib ki,  WUF13-ün əsas əhəmiyyəti dünya miqyasında şəhərlərin üzləşdiyi problemlərə ortaq həll yollarının tapılması, innovativ təcrübələrin paylaşılması və dayanıqlı urbanizasiya prinsiplərinin təşviq edilməsidir. Xüsusilə sürətli urbanizasiya, əhali artımı, ekoloji çağırışlar və sosial bərabərsizlik şəraitində belə platformalar ölkələr arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm rol oynayır.Şəhərlərin iqtisadi potensialının artırılması,  infrastrukturun inkişafı və rəqəmsal transformasiya istiqamətində yeni təşəbbüslərin ortaya çıxmasına təkan verir.

O, əlavə edib ki, WUF13-dən  gözləntiləri kifayət qədər böyükdür:”Forum çərçivəsində dayanıqlı və insan mərkəzli şəhər modellərinin inkişafına dair konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi gözlənilir. Bununla yanaşı, iqlim dəyişikliyinin şəhərlərə təsirinin azaldılması, sosial rifahın yüksəldilməsi və innovativ texnologiyaların şəhər idarəçiliyində tətbiqi ilə bağlı yeni əməkdaşlıqların qurulacağı ehtimal olunur. Forumun nəticələrinin beynəlxalq siyasətə və milli inkişaf strategiyalarına müsbət təsir göstərəcəyi, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün yeni imkanlar yaradacağına ümid edirik.”

Yaqut Ağaşahqızı, “İki sahil”