21 may 2026 22:09
80

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib

Mayın 20-də Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası keçirilib.

“İki sahil” xəbər verir ki, iclas iştirakçıları Azərbaycan-Aİ münasibətlərinin hazırkı vəziyyəti, qarşılıqlı maraq doğuran xarici və təhlükəsizlik siyasəti məsələləri ilə bağlı konstruktiv fikir mübadiləsi aparıblar. Onlar Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərləri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşləri də daxil olmaqla, son zamanlar yüksəksəviyyəli təmasların intensivləşməsini alqışlayıblar, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində ortaq maraqlarını bir daha təsdiqləyiblər.

Tərəflər yeni Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli saziş üzrə davam edən müzakirələrin vacibliyini vurğulayıblar. Həmçinin mövcud Azərbaycan-Aİ Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində müntəzəm dialoqun davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

İştirakçılar geosiyasi proseslər və xarici siyasət, bağlantı, enerji təhlükəsizliyi və Orta Dəhliz də daxil olmaqla, regional və beynəlxalq prosesləri müzakirə ediblər. Aİ Azərbaycanın regional bağlantı və enerji şaxələndirilməsi baxımından mühüm tərəfdaş kimi rolunu qeyd edib, davamlı, iqtisadi cəhətdən səmərəli və qaydalara əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıblar.

Aİ Azərbaycanda aparılan humanitar minatəmizləmə səylərinə dəstəyini bir daha təsdiqləyib və bu sahədə əməkdaşlığın davam etdirilməsini alqışlayıb. Səfər çərçivəsində mayın 19-da Aİ nümayəndə heyəti Ağdam rayonu da daxil olmaqla, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına baş çəkib, Azərbaycan tərəfindən həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə tanış olub.

İştirakçılar, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar. Aİ Azərbaycanla Ermənistan arasında son aylarda əldə olunmuş irəliləyişi, o cümlədən etimad quruculuğu tədbirlərini və təmasların intensivləşməsini alqışlayıb, davamlı sülhün dəstəklənməsi üçün dialoqun və praktiki əməkdaşlığın davam etdirilməsinə çağırış edib.

Tərəflər formatın genişləndirilərək onun Azərbaycan-Aİ Siyasi və Təhlükəsizlik Dialoqu adlandırılması barədə razılığa gəliblər ki, bu, ikitərəfli münasibətlərin daha geniş sahələri əhatə etdiyinin və strateji əhəmiyyətinin göstəricisidir.

İclasa Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Avropa Xarici Fəaliyyət Xidmətinin Siyasi Məsələlər üzrə baş katibinin müavini Olof Skuq həmsədrlik ediblər.