AMEA Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinə 2026-cı il may ayında istehsalat təcrübəsi keçmək üçün təhkim olunmuş Bakı Avrasiya Universitetinin Filologiya (İngilis dili və ədəbiyyatı ixtisası, qrup – B02 Ene 22/01) fakültəsinin IV kurs tələbələrinə müxtəlif mövzularda elmi seminarlar keçirilmişdir.
“İki sahil” xəbər verir ki, Hind-Avropa dilləri şöbəsinin müdiri fil.e.d., dos. Lalə Qurbanova “Süni intellektin dillərə inteqrasiyası” adlı mövzuda tələbələrə və şöbə əməkdaşlarına geniş məlumat vermişdir. Lalə Qurbanova süni intellektin bütün sahələrlə bərabər dilçilik sahəsinə təsirindən danışmış və son zamanlar dilçilikdə süni intellektdən geniş istifadə olunduğunu xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, süni intellektin tədqiqi dilçilərin diqqət mərkəzindədir. Mövzu ətrafında tələbələrlə geniş müzakirə keçirilmişdir. Şöbənin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Gülşən Axundova “Koqnitiv linqvistika” adlı mövzuda danışaraq koqnitiv dilçiliyin son dövrlərdə daha çox araşdırılan və dilçiliyin aktual bir sahə olduğunu qeyd etmişdir. Şöbənin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Sədaqət Cumayeva “Alman dilinin fonemlər sistemi və dilin fonoloji strukturu” mövzusunda tələbələrə geniş məlumat vermişdir və o, dilçiliyin əsas bölmələrindən biri olan fonetika sahəsində eksperimental fonetik təhlil aparılmasının müasir dilçilikdə vacib olduğunu qeyd etmişdir. Şöbənin böyük elmi işçisi, fil.ü.f.d. Sevinc Şükürlü “Dildə konsept məsələsi” adlı mövzunu tələbələrlə geniş müzakirə etmişdir və o, dildə leksik vahidlərin konseptləşməsini izah etmişdir. Şöbənin böyük elmi işçisi Bəturə Əliyeva “Hind-Avropa dilləri ailəsində roman dilləri qrupu” adlı mövzusunda çıxış edərək italyan dilində söz yaradıcılığı barədə mühazirə oxumuşdur. O, roman dillərində leksik vahidlərin fərqli və oxşar cəhətləri barədə tələbələr məlumat vermişdir. Şöbədə keçirilən elmi seminarlar tələbələr tərəfindən maraqla dinlənilmiş və hər məruzədən sonra tələbələri maraqlandıran suallar alimlər tərəfindən cavablandırılmışdır.