Lənkəranda baş verən qəzada 61 yaşlı piyada ölüb.
Hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində baş verib.
Lənkəran şəhəri istiqamətində hərəkətdə olan, Nicat Soltanzadənin idarə etdiyi "KİA Sorento" markalı nəqliyyat vasitəsi, piyada Şağlaküçə kənd sakini 1965-ci il təvəllüdlü Xəzər Fərhad oğlu Şükürovu vurub. Bundan sonra nəqliyyat vasitəsi yol kənarında hərəkətsiz dayanan "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb. “VAZ” markalı minik avtomobili yoldan çıxaraq dirəyə dəyib.
Qəza nəticəsində piyada və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. 61 yaşlı kişinin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Ona müvafiq tibbi xidmətlər göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
AZƏRTAC