Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə Braziliyanın paytaxtında konsert proqramı təşkil olunub.
“İki sahil” xəbər verir ki, ölkəmizin Braziliyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirdə hazırda ABŞ-də yaşayan tanınmış azərbaycanlı pianoçu Nərgiz Əliyeva çıxış edib. Pianoçunu Braziliyanın aparıcı incəsənət xadimlərindən biri, San Paulo Ştatı Simfonik Orkestrinin baş dirijoru Klaudio Kruzun rəhbərliyi altında beynəlxalq nüfuza malik “Klaudio Santoro” Milli Teatrının Simfonik orkestri müşayiət edib.
Konsert proqramının açılışında Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz çıxış edib. O, Azərbaycan xalqının zəngin tarixinə qısa nəzər salaraq 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin istiqlaliyyət tarixindəki mühüm rolunu vurğulayıb.
Diplomat 1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi çətin dövrdə Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb, onun müdrik siyasi irsinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, həmçinin Azərbaycanın son illərdə ictimai, siyasi, iqtisadi və mədəni sahələrdə əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edib.
Rəşad Novruz çıxışında dahi bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığını da xatırladaraq, onun Azərbaycan musiqi xəzinəsinə bəxş etdiyi nadir əsərlərin əhəmiyyətini vurğulayıb.
Daha sonra səhnə musiqiçilərə verilib. Peşəkar şəkildə tərtib olunmuş repertuarda Azərbaycan xalqının ölməz bəstəkarı Fikrət Əmirov və Azərbaycanda qadın bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri Elmira Nəzirovanın birgə həmmüəllif olduqları konsert əsəri, eləcə də braziliyalı tanınmış violonçel ifaçısı və bəstəkar Sezar Querra Pişenin yaradıcılığından seçilmiş nümunələr səsləndirilib. Klassik simfonik musiqinin görkəmli nümayəndələrindən olan Yohannes Brahmsın əsərləri isə proqrama xüsusi rəng qatıb. 457 nəfərlik zalda anşlaqla keçirilən konsert proqramı tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib, tədbir əsl mədəniyyət və incəsənət hadisəsi kimi qarşılanaraq musiqisevərlərin gurultulu alqışları ilə yadda qalıb.
Tədbirdə Braziliyanın federal hökumətinin və ölkə paytaxtının yerləşdiyi federal ərazi administrasiyasının vəzifəli şəxsləri, Braziliyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mətbuat təmsilçiləri, musiqi və incəsənət həvəskarı olan şəhər sakinləri, eləcə də tələbələr iştirak ediblər.