Şərur rayonunun Düdəngə kəndində Vətən uğrunda canlarını fəda etmiş polis serjantı Asəf Rəhimov, əsgər Vüsal Ağayev, baş leytenant Orxan Quliyev və əsgər Abbas Cavadovun xatirəsinə ucaldılmış bulaq-abidə kompleksinin açılışı olub.
“İki sahil” xəbər verir ki, açılış mərasimində şəhid ailələri, qazilər və kənd ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, o cümlədən şərurlu döyüşçülərin şücaətindən danışıblar.
Qeyd olunub ki, polis serjantı Asəf Rəhimov, əsgər Vüsal Ağayev, baş leytenant Orxan Quliyev və əsgər Abbas Cavadovun timsalında bütün şəhidlərimizin keçdiyi şərəfli həyat yolu gənc nəsil üçün örnəkdir və onların xatirəsi daim ehtiramla anılacaq.
Tədbirdə məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Sonda şəhidlərin xatirəsinə həsr olunmuş bulaq-abidə kompleksinin açılışı olub, abidə önünə gül dəstələri düzülüb, xatirə şəkilləri çəkdirilib.