23 may 2026 22:22
95

Almaniyada planer avtomagistrala düşüb, bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində planerin avtomagistrala düşməsi nəticəsində bir nəfər həlak olub, bir nəfər isə ağır yaralanıb.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, içərisində iki nəfərin olduğu mühərriksiz hava gəmisi havaya qalxdıqdan qısa müddət sonra magistralın hərəkət hissəsinə düşüb. Qəza zamanı yolda hərəkət edən avtomobillərə ziyan dəymədiyi bildirilib.

Hadisə nəticəsində planerdəki şəxslərdən biri ölüb, digəri isə qalıqlar arasından çıxarılaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qəza ilə əlaqədar avtomagistral hər iki istiqamətdə bağlanıb. Hadisə yerində genişmiqyaslı xilasetmə və təmizləmə işləri aparılır.

Yerli aviasiya klubunun açıqlamasında uçuşun regional planer yarışından əvvəl hava şəraitinin yoxlanılması məqsədilə həyata keçirilən sınaq uçuşu olduğu bildirilib.