Azərbaycan, Gürcüstan və Qazaxıstan Baş konsulluqlarının birgə təşkilatçılığı, Kaliforniya İqtisadiyyat və Ətraf Mühit Fondunun (CFEE) dəstəyi və Lonq Biç Limanının (Los Anceles) ev sahibliyi ilə Los Ancelesdə ABŞ-Avrasiya Nəqliyyat Forumu keçirilib.
“İki sahil” xəbər verir ki, forum Avrasiya nəqliyyat dəhlizlərini ABŞ-nin nəqliyyat infrastrukturu ilə birləşdirən strateji tərəfdaşlıqların möhkəmləndirilməsinə həsr olunub.
Forumda Azərbaycan, Gürcüstan və Qazaxıstandan olan hökumət nümayəndələri, aparıcı biznes liderləri, Lonq Biç Limanının rəhbərliyi, Kaliforniya ştatının rəsmiləri, beynəlxalq logistika mütəxəssisləri və sənaye üzrə tanınmış ekspertlər iştirak ediblər.
Forum ABŞ ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca yerləşən Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında əməkdaşlığı genişləndirmək məqsədilə keçirilib. Tədbirin əsas istiqamətləri arasında ABŞ tərəfdaşlarını Orta Dəhlizin infrastrukturu və inkişaf perspektivləri ilə tanış etmək, logistika, liman, dəmir yolu, rəqəmsal sistemlər və yaşıl texnologiyalar sahəsində Amerika şirkətləri üçün yeni biznes imkanlarının müəyyən edilməsi, eləcə də Lonq Biç Limanı ilə Bakı, Aktau, Kurik, Poti və Batumi limanları arasında liman əməkdaşlığının genişləndirilməsi xüsusi yer tutub. Bunlarla yanaşı, forum ABŞ ilə Avrasiya ölkələri arasında B2B və G2B dialoqlarının inkişafına, rəqəmsallaşdırma, avtomatlaşdırma və ağıllı logistika həlləri üzrə birgə iş imkanlarının araşdırılmasına da zəmin yaradıb. Ümumi məqsəd isə Orta Dəhlizi ABŞ-nin təchizat zəncirinə davamlılıq hədəflərini dəstəkləyən etibarlı, diversifikasiya edilmiş ticarət marşrutu kimi möhkəmlətməkdir.
Açılış mərasimini ABŞ-nin keçmiş kommersiya nümayəndəsi Duqlas Vallıs idarə edib. Lonq Biç Limanının icraçı direktoru Noel Haseqaba qonaqları salamlayıb, Lonq Biç şəhərinin Qlobal Protokol Direktoru Beril Ünvər isə şəhər adından xoş arzularını bildirib. Açılış nitqlərini Azərbaycan, Gürcüstan və Qazaxıstanın baş konsulları tamamlayıblar.
"Nəqliyyat, tranzit və təchizat zənciri: Hökumət perspektivləri"nə həsr edilmiş birinci paneldə CFEE-nin prezidenti Cey Hansen moderatorluq edib. Panelistlər arasında Azərbaycanın Xarici İşlər Nazirliyinin İqlim Diplomatiyası idarəsinin rəisi Elçin Allahverdiyev, Gürcüstanın iqtisadiyyat nazirinin müavini Tamar Loseliani, habelə Qazaxıstanın Nəqliyyat Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Janna Joldaşbekova yer alıb. Panel suallar və müzakirə ilə tamamlanıb.
Günün ikinci yarısında beynəlxalq logistika və gömrük qaydaları üzrə ekspert Deyvid Harlou iştirakçılara müraciət edib.
"Dəhlizdə biznes: Enerji, texnologiyalar və məlumat bağlantısı" adlı ikinci panel Duqlas Vallasın moderatorluğu ilə keçirilib. Mərkəzi Avrasiya üzrə ekspert Kamran Bokhari bu ticarət marşrutunun strateji əhəmiyyəti barədə məlumat verib. “Azərbaycan Dəmir Yollar” QSC-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahmar Hacıyev, “Gürcüstan Dəmir Yolu”nun icraçı direktoru Laşa Abaşidze, Qazaxıstan Kurik Limanının baş direktoru Yerkın Nigmetov, Arizanadakı Qazaxıstanın fəxri konsulu Hyu Hallman və beynəlxalq ticarət mütəxəssisi Kennet Venqrod regional bağlantılar, infrastruktur investisiyaları, yaşıl liman əməkdaşlığı və strateji infrastruktur tərəfdaşlıqları mövzularında çıxış ediblər.
Forumun yekununda iştirakçılar Lonq Biç Limanı, yükaşırma texnologiyaları, avtomatlaşdırılmış əməliyyat mərkəzləri, təhlükəsizlik infrastrukturu və konteyner saxlanma mərkəzlərinə gəmi turu edərək tanış olublar.
ABŞ-Avrasiya Nəqliyyat Forumu Orta Dəhlizin potensialını və Avrasiya ölkələrinin Sakit Okean sahilindəki ABŞ liman infrastrukturu ilə strateji inteqrasiyasını müzakirə etmək üçün uğurlu bir platforma rolunu oynayıb. Azərbaycan, Gürcüstan və Qazaxıstan Baş konsulluqları 2025-ci ildəki ABŞ-Avrasiya Enerji və Ətraf Mühit Forumunun davamı olaraq Orta Dəhliz mövzusuna həsr edilmiş builki mühüm təşəbbüsün birgə təşkilatçısı kimi Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının daha da gücləndirilməsinə öz töhfələrini vermək üçün növbəti ildə də ABŞ-Avrasiya İnnovasiya və Texnologiya Forumunun təşkil edilməsini planlaşdırır.