23 may 2026 19:00
102

İçərişəhər WUF13 çərçivəsində canlı və rəngarəng incəsənət platformasına çevrilib

Bakı şəhəri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) sessiyasına ev sahibliyi etdiyi günlərdə paytaxtın incisi olan İçərişəhər möhtəşəm mədəniyyət və əyləncə mərkəzinə çevrilib. “İki sahil” xəbər verir ki, mayın 18-dən 24-dək davam edən genişmiqyaslı proqram çərçivəsində qədim qoruğun müxtəlif məkanlarında interaktiv, inklüziv və yaradıcı layihələr həyata keçirilir. Tədbirlər həm şəhər sakinlərinin, həm də xarici qonaqların böyük marağına səbəb olub.

İlk günlərdən etibarən Qız Qalası meydanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə qastro-zona fəaliyyət göstərib, milli mətbəx nümunələri təqdim olunub və şirniyyatların hazırlanması üzrə ustad dərsləri keçirilib. Şəhərsalma mövzusuna uyğun olaraq tortlardan Qız Qalası, Flame Towers və digər memarlıq simvollarının xüsusi dizaynlı maketləri hazırlanıb.

Azyaşlılar üçün xüsusi rəsm və heykəltəraşlıq pavilyonları təşkil olunub. Rəssamların iştirakı ilə həyata keçirilən “Graffiti Jam” layihəsi isə ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

21 may tarixində “Gələcəyin memarları” layihəsi çərçivəsində uşaqlar tərəfindən təqdim olunan “Mehriban şəhər” adlı futuristik layihələrin sərgisi qonaqların diqqət mərkəzində olub. Uşaqlar canlı molbertlər obrazında hazırladıqları kreativ memarlıq kompozisiyaları ilə forum iştirakçılarının böyük rəğbətini qazanıblar.

Eyni zamanda, 20–22 may tarixlərində Qoşa Qala meydanında Ümumdünya Şəhərsalma Forumunun çərçivəsində Şəhərsalma Yarmarkası təşkil edilib. Yarmarka çərçivəsində yerli brendlərin tanıtım və satış sərgisi təşkil olunub. Bundan əlavə, 20–22 may tarixlərində Qoşa Qala meydanında möhtəşəm konsert proqramları təşkil olunub və tədbir iştirakçılarına unudulmaz musiqi axşamları bəxş edilib. Bakı Xanları Parkında ənənəvi əl işlərindən ibarət sərgi-satış yarmarkaları təşkil edilərək yerli kiçik biznes sahibkarlarına dəstək göstərilib və yarmarka mayın 24-dək davam edəcək. Həmçinin, 20–24 may tarixlərində Qız Qalası meydanında “Game Urban” zonası çərçivəsində qurulan masaüstü oyunlar hər yaşda olan qonaqlar üçün interaktiv əyləncə imkanları təqdim edir.

Hələ hər şey bitməyib — İçərişəhərdə sizi daha nələr gözləyir?

İçərişəhər bu dinamik və yaddaqalan atmosferi yaşamaq istəyən hər kəsi xüsusi həftəsonu proqramına dəvət edir.

23 may tarixində saat 20:00–23:00 aralığında Qız Qalası meydanında, Dördbucaqlı qalada və Qoşa Qala meydanında vizual proyeksiyalar və LED ekranlar vasitəsilə “Photography Night” tədbirinin təşkili planlaşdırılır. Tədbir çərçivəsində şəhər mədəniyyəti və müasir incəsənət nümunələri nümayiş olunacaq. Layihə zamanı Qoşa Qala meydanında əsas səhnədə DJ performansı təqdim ediləcək.

23 may tarixində saat 18:00-da Qız Qalası meydanı yaxınlığında “UrbanNight” tədbiri keçiriləcək. Tarixin nəfəs aldığı küçələrdə, ulduzların altında təşkil olunacaq bu xüsusi proqram iştirakçılara unudulmaz bir gecə bəxş edəcək.

24 may tarixində saat 15:00-da isə tədbirlərin yekun günü münasibətilə Qız Qalası meydanı yaxınlığında uşaqlar və böyüklər üçün “Circle Game” adlı interaktiv proqram keçiriləcək.

Müasir şəhərsalma ideyalarının qədim tarixlə qovuşduğu bu möhtəşəm atmosferi yaşamaq və həftəsonunu maraqlı keçirmək üçün bütün şəhər sakinlərini və qonaqları İçərişəhərə dəvət edirik.