26 may 2026 10:30
90

Matça çayı doğurdanmı faydalıdır?

Sosial şəbəkələrdə milyonlarla paylaşımın mövzusuna çevrilən matça çayı son illərin ən populyar içkilərindən biri hesab olunur. Özünəməxsus torpaq ətirini xatırladan dadı ilə bəziləri üçün gündəlik vərdişə çevrilən bu içki yalnız trend olması ilə deyil, sağlamlığa mümkün təsirləri ilə də diqqət çəkir.

Sosial mediada #matcha həştəqi ilə milyonlarla paylaşımın edilməsi matça çayına marağı daha da artırıb. Bu marağın əsas səbəblərindən biri isə onun sağlamlıq üçün faydalı olduğu barədə irəli sürülən iddialardır. Bəs görəsən, bu içkinin həqiqətən sağlamlığa müsbət təsirləri varmı?

Bağırsaq sağlamlığına təsiri

Matça çayı kölgədə yetişdirilən yaşıl çay yarpaqlarının üyüdülərək toz halına salınması ilə hazırlanır. Buna görə də o, adi yaşıl çayla bir çox ortaq xüsusiyyətlərə malikdir.

London Kral Kollecinin (King's College London) dietoloqu və mikrobiom üzrə tədqiqatçısı Emily Leeming bildirir ki, qəhvə, çay, o cümlədən matça, polifenollarla zəngindir. Onun sözlərinə görə, aparılan bəzi kiçikmiqyaslı araşdırmalar göstərib ki, matça çayının gündəlik qəbulu bağırsaqlarda faydalı bakteriyaların müxtəlifliyini artıra bilər. Lakin mütəxəssis qeyd edir ki, bu istiqamətdə aparılan elmi tədqiqatların sayı hələ də məhduddur.

Matça çayında yüksək miqdarda olan katexinlər (bitkilərdə təbii olaraq yaranan və güclü antioksidant xüsusiyyətlərə malik olan bitki mənşəli birləşmə) adlı polifenolların antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğu bildirilir. Araşdırmalar onların xüsusilə risk qrupuna daxil olan şəxslərdə qan təzyiqinin və xolesterinin azalmasına kömək edə biləcəyini göstərir.

Enerji və diqqətə təsiri

Matça çayının kölgədə yetişdirilməsi bitkinin bəzi faydalı maddələrinin daha yüksək səviyyədə toplanmasına imkan verir. Bundan əlavə, yarpaqlar təkcə dəmlənmir, həm də bütöv şəkildə istehlak olunur. Bu səbəbdən matça adi yaşıl çayla müqayisədə daha çox qida komponenti ehtiva edə bilər. Mütəxəssislərin fikrincə, matçada yüksək miqdarda olan L-teanin maddəsi xüsusi əhəmiyyət daşıyır.

Anqlia Ruskin Universitetinin qidalanma fiziologiyası üzrə professoru Justin Roberts bildirir ki, kofein və L-teaninin birgə təsiri bir-birini tarazlaşdırır. Onun sözlərinə görə, bu kombinasiya sayəsində insan həm kofeinin oyadıcı təsirindən yararlanır, həm də L-teaninin sakitləşdirici xüsusiyyətlərini hiss edir. Bu da bəzi insanların matça çayı içdikdən sonra diqqətlərini daha uzun müddət cəmləyə bilmələrinin səbəblərindən biri hesab olunur. Mütəxəssis əlavə edir ki, matça çayı bəzi insanlarda stresin azalmasına və enerji səviyyəsinin artmasına da müsbət təsir göstərə bilər. Bununla belə, onun sağlamlığa təsirləri ilə bağlı daha genişmiqyaslı elmi araşdırmalara ehtiyac olduğu vurğulanır.

Şahnigar Əhmədova, “İki sahil”