26 may 2026 13:57
108

Xızı rayonunda sahibkarlarla görüş keçirilib

Görüşdə rayonda sahibkarlığın inkişaf imkanları müzakirə olunub, biznes subyektlərinin təklifləri dinlənilib.

“İki sahil” xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Xızı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə kənd təsərrüfatı, turizm, xidmət və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonda sahibkarlıq fəaliyyəti, mövcud biznes imkanlarının reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə məlumat veriblər. Qeyd olunub ki, Xızıda turizm və xidmət sektorunun inkişafı üçün imkanlar genişdir. Bu potensialdan istifadə etməklə ekoturizm, kənd turizmi və xidmət mərkəzlərinin inkişafına daha çox diqqət göstərilə bilər. Sahibkarlar arasında əməkdaşlıq və birgə fəaliyyət mexanizmlərinin genişləndirilməsi həm xidmət keyfiyyətinin yüksəlməsi, həm də bazar imkanlarının artması baxımından faydalı olacaqdır.

Görüşdə sahibkarlarla fermer təsərrüfatının inkişafı və çörək sexinin genişləndirilməsinə maliyyə dəstəyinin göstərilməsi, torpaq sahəsinin sənədləşdirilməsinə dəstək və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib və sualları cavablandırılıb.

KOBİA nümayəndələri həmçinin, Xızıda çörək istehsalı müəssisəsində olub, sahibkarla biznesin inkişafına dair fikir mübadiləsi aparıblar.