26 may 2026 12:46
68

Kənd təsərrüfatı qeyri-neft sektorunun aparıcı sahələrindən birinə çevrilib

Respublikmızda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri olan kənd təsərrüfatı yeni inkişaf mərhələsindədir.  Fremerlərə dövlət dəstəyi, müasir infrastruktur layihələri və aqrar sahədə həyata keçirilən islahatlar nəticəsində bu sektor həm daxili bazarın təminatında, həm də ixrac imkanlarının genişlənməsində əhəmiyyətli rol oynayır. Bu  mənada, Prezident İlham Əliyevin mayın 25-də kənd təsərrüfatının inkişafına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər aqrar sektorun gələcək perspektivlərini və prioritetlərini hədəfləyib.

Ölkə başçısının  qeyd etdiyi kimi, onun 2003-cü ildə ilk dəfə dövlət başçısı seçilməsindən dərhal sonra, 2004-cü ilin əvvəlində qəbul edilən birinci regional inkişaf proqramı bu gün qazandığımız uğurların fundamental bünövrəsini qoydu. Keçən 22 il ərzində bir-birini əvəz edən beşillik proqramlar regionlarımızı tamamilə canlandırdı, işsizliyi minimuma endirdi və nəhəng infrastruktur layihələrinin icrasına rəvac verdi. Azərbaycan ictimaiyyəti  yaxşı xatırlayır ki, 2000-cı illərin əvvəllərində bölgələrdə qaz, elektrik enerjisi, yol və su təchizatı nə dərəcədə acınacaqlı vəziyyətdə idi. Bu gün isə işğaldan azad edilmiş ərazilər istisna olmaqla, ölkədə qazlaşdırma səviyyəsi 96%-ə çatıb, Azərbaycan elektrik enerjisi idxal edən ölkədən nəhəng ixracatçıya çevrilib. Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi nəhəng su anbarlarının inşası və magistral yolların çəkilməsi olmasaydı, bu gün aqrar sektorun inkişafından danışmaq qeyri-mümkün olardı.

Prezident İlham Əliyev hər zaman ölkə fermerlərinə diqqət və qayğı göstərib. İndi ölkəmiz dünyada çox az sayda dövlətlərdəndir ki, kənd təsərrüfatına bu qədər genişmiqyaslı, çoxçeşidli subsidiyalar və gübrə, yanacaq güzəştləri tətbiq edir. Aparılan islahatlar nəticəsində vaxtilə tamamilə məhv olmaq təhlükəsi ilə üzləşən pambıqçılıq və baramaçılıq yenidən dirçəldilib. Pambıq istehsalının 20 min tondan 360 min tona çatdırılması və məhsuldarlığın hektardan 3.6 tona yüksəlməsi dövlət dəstəyinin və aqroparkların səmərəli fəaliyyətinin birbaşa nəticəsidir. Ölkəmizin başçısı müşavirədə həmişə olduğu kimi, gerçəkliyə həqiqətin gözü ilə baxmağı üstün tutaraq son illərdəki dinamikanın yetərli olmadığını və müəyyən bir durğunluğun müşahidə edildiyini açıq bəyan etdi. Qlobal miqyasda gedən müharibələr, nəqliyyat loqistikasının qırılması, enerji böhranı və iqlim dəyişikliyi bizdən daha çevik və hücumameyilli addımlar tələb edir.

Müşavirədə qeyd olunub ki,  ölkənin kənd təsərrüfatına da xarici investorların cəlb edilməsi vacibdir. Bu isə ölkənin aqrar məhsullarla özünü təminetmədə önəmli məsələdir. Belə ki, hazırda respublikamız özünü  kartofda 91 faiz, mal əti ilə  84 faiz,  quş əti ilə 82 faiz, kərə yağı ilə  62 faiz,  bitki yağları ilə isə 52 faiz təmin edə bilir. Prezident İlham Əliyev haqlı olaraq irad bildirdi ki, hələ də  ərzaq buğdasında özümüzü təminetmə səviyyəsinin 55 faizdə  qalması qəbulolunmazdır. Təbii ki, ölkə başçısının bu rəqəmləri səsləndirməkdə əsas məqsədi biznes subyektlərinə və xarici tərəfdaşlara daxili bazarda hansı böyük investisiya imkanlarının olduğunu göstərməkdir.

Müşavirədə kənd təsərrüfatının inkişafında dövlət dəstəyi mexanizmlərinin, xüsusilə subsidiyaların mühüm rol oynadığını xüsusi vurğulnıb. Bildirilib ki, dövlət fermerlərə göstərilən dəstəyin həcmi və müxtəlifliyi baxımından dünyada seçilən ölkələrdən biridir. Bu gün aqrar sektorda tətbiq olunan subsidiya siyasəti kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılmasına, onların xərclərinin azaldılmasına və məhsuldarlığın artırılmasına xidmət edir. Bununla yanaşı, hazırda fermerlərə yanacaq və motor yağlarına görə güzəştlər verilir, mineral gübrələrin alınması dövlət tərəfindən subsidiyalaşdırılır, kənd təsərrüfatı texnikasının əldə olunmasına dəstək göstərilir. Bu güzəştlər fermerlərin istehsal xərclərini azaltmaqla yanaşı, onların daha çox məhsul istehsal etməsinə və fəaliyyətlərini genişləndirməsinə imkan yaradır. Prezidentin də qeyd etdiyi kimi, bu cür geniş dəstək mexanizmləri bir çox ölkələrdə mövcud deyil və Azərbaycan bu baxımdan qabaqcıl təcrübəyə malik dövlətlər sırasındadır.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri