“Sea Breeze” kurort-şəhərinin inkişafında əsas istiqamətlərdən biri müasir əyləncə infrastrukturunun yaradılması və beynəlxalq səviyyəli tədbirlərin təşkili olaraq qalır. Layihə çərçivəsində xarici tərəfdaşların və biznes nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq investisiya və iqtisadi forumlar keçirilir. Eyni zamanda, layihənin beynəlxalq miqyasda təmsilçiliyinin genişləndirilməsi istiqamətində fəal iş aparılır.
“İki sahil” xəbər verir ki, bunu “Sea Breeze” kurort-şəhərinin təsisçisi, “Agalarov Development” şirkətinin prezidenti və Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Emin Ağalarov deyib.
“Buraya müxtəlif ölkələrdən hökumət nümayəndələri, iqtisadiyyat nazirləri, investorlar və tərəfdaşlar gəlirlər. Biz beynəlxalq brendlərin, restoranların və otel şəbəkələrinin layihəyə cəlb olunması üçün fəal işləyirik”, – deyə o bildirib.
Onun sözlərinə görə, “Sea Breeze” artıq tədricən lokal layihə statusunu geridə qoyur və müasir Azərbaycanla əlaqələndirilən beynəlxalq brend kimi formalaşır.
Yeni inkişaf istiqamətlərindən danışan sahibkar “Sky Views” dağ layihəsinin icrasına başlanıldığını bildirib.
“Bu, 35 xizək eniş zolağı, qədim qəsr üslubunda tikiləcək otel, şalelər və mənzilləri əhatə edən tammiqyaslı dağ kurortu olacaq. Obyektlərin bir hissəsi artıq satışa təqdim edilib”, – deyə o qeyd edib.
E.Ağalarov bildirib ki, şirkət Azərbaycan hüdudlarından kənarda da layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir. Bu ölkələr arasında Özbəkistan və Monteneqro da var. Nümunə kimi investisiya həcmi 1 milyard dollara yaxınlaşan Portonovi layihəsi göstərilib.
“Son iki ildə “Sea Breeze” lokal layihədən iri beynəlxalq ekosistemə çevrilib”, – deyə sahibkar bildirib.
Onun sözlərinə görə, “Sea Breeze” konsepsiyasının ayrı-ayrı elementləri artıq ölkə xaricində həyata keçirilən layihələrdə də tətbiq olunur.
“Bu gün artıq söhbət mürəkkəb beynəlxalq strukturdan gedir. Bununla belə, bizim hazır investisiya paketlərimiz var, belə ki, onlar likviddir, cəlbedicidir və yüksək gəlirlilik potensialına malikdir”, – deyə o vurğulayıb.
İnvestisiya modelindən danışan E.Ağalarov bildirib ki, layihə daxili zəmanət və geri alış mexanizmləri hesabına illik 15 faizdən başlayan gəlirlilik, üç il ərzində isə potensial olaraq 50 faizə qədər gəlir nəzərdə tutur.
“Biz layihənin bütün ərazisində yerləşən yaşayış və kommersiya komplekslərinin obyektlərinin siyahısını formalaşdırırıq. Burada likvidlik, investisiya cəlbediciliyi və “buyback” mexanizmi vasitəsilə kapitalın qorunması bir araya gəlir”, – deyə o bildirib.
Sahibkar Xəzər regionunun inkişafında dövlət dəstəyinin roluna da xüsusi diqqət çəkib.
“Ən vacib məsələ yollar, elektrik enerjisi, su təchizatı, kanalizasiya və qazla bağlı dövlət dəstəyidir. Məhz bu amillər layihənin tamam başqa inkişaf səviyyəsinə yüksəlməsinə şərait yaradır”, – deyə E.Ağalarov bildirib.
Onun fikrincə, layihə üçün su təminatının sabitliyi və ekoloji infrastrukturun inkişafı xüsusi əhəmiyyət daşıyır.
“Əvvəllər kifayət qədər su təminatımız yox idi. Dəniz suyunun duzsuzlaşdırılmasından istifadə edirdik. Amma imkanlar məhdud idi, xərclər isə çox yüksək olurdu. Yay aylarında hər gün 500-ə qədər su maşını gətirməli olurduq”, – deyə o bildirib.
Hazırda layihə dağ su ehtiyatlarından və rezervuar sistemdən istifadə edən mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinə qoşulub.
“Geniş yaşıllaşdırma işləri üçün sabit su təminatı həyati əhəmiyyət kəsb edir. Hətta bir həftə suyun olmaması layihənin bütün ekosisteminə ciddi ziyan vura bilər”, – deyə sahibkar vurğulayıb.
O bildirib ki, hazırda əlavə rezervuarlar tikilir. Bu da fasilə yaranacağı halda sistemin ən azı iki həftə müstəqil fəaliyyət göstərməsinə imkan verəcək.
E.Ağalarov investorların strukturunda baş verən dəyişikliklərə də toxunub.
“İlk investorlar təxminən beş il əvvəl gəlib. Ondan əvvəl biz əsasən yerli maliyyə alətləri və banklarla işləyirdik”, – deyə o bildirib.
Onun sözlərinə görə, hazırda layihəyə ən çox maraq göstərənlər 35–45 yaş arasında olan investorlardır.
“Bunlar layihənin ritmini anlayan insanlardır”, – deyə biznesmen bildirib.
Bununla yanaşı, investisiya modelində zəmanət sistemi vacib yer tutur.
“Biz zəmanətli minimum gəlirlilik təklif edirik. Eyni zamanda, kazino, tibbi klasterlər və yeni obyektlərin yaradılması hesabına əmlakın dəyərinin artımı üçün potensial mövcuddur. İnvestorun gözləntisi nəticə ilə tam üst-üstə düşməsə belə, müsbət gəlirliliklə geri alış mexanizmi qüvvədə qalır”, – deyə o vurğulayıb.
E.Ağalarovun sözlərinə görə, bu model investorların vəsaitinin qorunmasını, eyni zamanda zəmanətli minimum gəlirliliyi və gələcək artım imkanını nəzərdə tutur.
“Məhz buna görə biz beynəlxalq investorlar, “family office” strukturları və özəl kapital üçün getdikcə daha cəlbedici oluruq. Üstəlik, layihənin rezidentləri də zaman keçdikcə onun investorlarına çevrilirlər”, – deyə o əlavə edib.
Sahibkar şirkətin strateji məqsədlərindən birinin qlobal kapital bazarına çıxış olduğunu bildirib.
“Biz demək olar ki, istənilən həcmdə investisiyanı həyata keçirə bilərik. Hazırda təxminən 750 hektar ərazidə tikinti gedir. Eyni vaxtda 4,5 milyon kvadratmetrdən çox sahədə iş aparılır ki, bu da pul ifadəsində təxminən 10 milyard dollar deməkdir. Bütün bunları təxminən üç il ərzində başa çatdırmağı planlaşdırırıq. Layihənin ümumi investisiya portfeli minimum 100 milyard dollardır və bu vəsaiti qarşıdakı on il ərzində cəlb etməyi nəzərdə tuturuq”, – deyə o bildirib.
Onun sözlərinə görə, layihə 1850 hektar ərazinin mənimsənilməsini və müxtəlif təyinatlı təxminən 30 milyon kvadratmetr daşınmaz əmlakın – otellərin, mənzillərin, villaların, kommersiya obyektlərinin, təhsil infrastrukturu və digər obyektlərin tikintisini əhatə edir.
“10, 100 və ya 500 milyon dollar həcmində investisiya daxil olan kimi biz yeni layihələrə dərhal başlaya bilirik. Çünki şəhərsalma ilə bağlı bütün sənədlər və dövlət sənədləri artıq hazırdır”, – deyə sahibkar vurğulayıb.
O qeyd edib ki, hazır mühəndis infrastrukturunun mövcudluğu inkişafın səmərəliliyinə ciddi təsir göstərir.
“500–600 milyon dollar dəyərində infrastruktur artıq qurulubsa, daşınmaz əmlakı satmaq xeyli asan olur. Çünki həmin obyekt dərhal hazır mühitə inteqrasiya olur”, – deyə E.Ağalarov bildirib.
Sahibkar brendin beynəlxalq səviyyədə tanınması məsələsinə də ayrıca toxunub.
“Hazırda əsas məsələ məhsulun özü deyil, onun tanınmasıdır. Rusiyada “Emin” brendi çox yaxşı tanınır. “Sea Breeze” isə hələ kifayət qədər tanınmır”, – deyə o söyləyib.
Onun sözlərinə görə, investorların cəlb olunmasında əsas prinsip layihə ilə şəxsən tanış olmaqdır.
“Mən potensial investorlara həmişə əvvəlcə sadəcə gəlib baxmağı təklif edirəm. Ailəsi ilə gəlsin, burada bir neçə gün keçirsin, dincəlsin və layihənin atmosferini yaxından hiss etsin — onu anlamağın ən yaxşı yolu budur”, – deyə sahibkar vurğulayıb.
O əlavə edib ki, investisiya qərarı verilərkən şəxsi təcrübə çox vaxt həlledici rol oynayır.
“Buraya ən azı bir dəfə gələnlər arasında seçim etmək göstəricisi demək olar ki, yüz faizə yaxındır. Hər kəs özünə uyğun variant tapır – kiçik mənzildən villaya və ya investisiya məqsədli obyektədək”, – deyə E.Ağalarov qeyd edib.
Azərbaycanın turizm potensialından danışan sahibkar ölkənin zəngin təbii imkanlarını və turizm baxımından geniş potensiala malik olduğunu vurğulayıb.
“Azərbaycan doqquz iqlim qurşağına malik ölkədir. Burada zəngin tarix, mədəniyyət, milli mətbəx və yüksək xidmət səviyyəsi var. Bakıdan dağlara cəmi bir neçə saata çatmaq mümkündür”, – deyə o bildirib.
O, nəqliyyat baxımından əlverişli mövqeyə də ayrıca diqqət çəkib.
“Moskvadan Bakıya uçuş üç saatdan da az çəkir. Bundan sonra isə insan tamamilə fərqli atmosferə düşür və burada “Sea Breeze” istirahət və əyləncə üçün yeni imkanlar təqdim edir”, – deyə E.Ağalarov fikrini yekunlaşdırıb.