Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar intensiv və güclüdür.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 29-u saat 21:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Şuşa, Xankəndi, Füzuli, Laçın, Qubadlı, Sarıbaş (Qax), Gədəbəy, Zaqatala, Şəki, Göygöl, Ceyrançöl, Şahdağ, Şabran, Biləsuvar, Şəmkir, Gəncə, Daşkəsən, Quba, Qəbələ, Qusar, Balakən, Yevlax, Goranboy, Naftalan, Oğuz, Xaçmaz, Ağstafa, Ağdam, Tərtər, Sabirabadda arabir şimşək çaxır, yağış yağır.
Əksər yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Mingəçevirdə 28, Goranboyda 27, Daşkəsən və Gəncədə 25, Göyçayda 24, Zaqatalada 23, Oğuzda 22, Culfada 21, Neftçala, Naftalan, İsmayıllı, Şahdağ və Şərurda 20, Şəmkir, Şəki, Ağdam, Tərtər, Xızı, Beyləqan və Yardımlıda 18, Ağstafa və Bərdədə 16, Tovuz və Şahbuzda 15 m/s-dək güclənir.
Saat 18:40-19:00 radələrində Qax rayonunun İlisu kəndinə diametri 15-20 mm, saat 19:02-19:04 radələrində Şəki rayonuna diametri 8-10 mm, saat 19:33-19:52 radələrində Oğuz rayonunun Qarabulaq və Böyük Söyüdlü kəndlərinə diametri 15-30 mm, saat 19:40-19:50 radələrində Qəbələ rayonuna diametri 8-10 mm, saat 20:02-20:05 radələrində Xınalığa diametri 5-7 mm, saat 20:29-20:32 radələrində Tərtər şəhərinə diametri 0.8 mm, saat 19:50 radələrində Şəmkir rayonuna, rayonun Zəyəm qəsəbəsinə, eyni zamanda Çənlibel, Əliyaqublu, Keçili, Çaparlı, Sabirkənd, Çaykənd, Yeni Göyçə, Bayramlı, Atabəy, Aşağı Seyfəli, Qasımalılar, Zəyəm Cırdaxan kəndlərinə dolu düşüb.