01 iyun 2026 11:34
245

Azərbaycanda kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi siyasətinin strateji istiqamətləri

Müasir dövrdə kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil, eyni zamanda dövlətlərin milli təhlükəsizliyinin əsas elementlərindən biri hesab olunur. Dünyada baş verən müharibələr, qlobal iqlim dəyişiklikləri, enerji böhranları və nəqliyyat zəncirlərində yaranan problemlər ərzaq təhlükəsizliyi məsələsini daha da aktuallaşdırmışdır. Bu baxımdan kənd təsərrüfatının inkişafı, daxili istehsalın artırılması və idxaldan asılılığın azaldılması Azərbaycan Respublikasının dövlət siyasətində mühüm yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı ilə bağlı müşavirədə elan edilən son qərarlar ölkənin kənd təsərrüfatı sektorunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Diqqət məhsuldarlığın artırılmasına, texnoloji modernləşməyə, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və ixrac potensialının genişləndirilməsinə yönəlib.

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışında qeyd olunduğu kimi, 2004-cü ildən etibarən həyata keçirilən regional inkişaf proqramları aqrar sektorun inkişafında mühüm rol oynamışdır. Həmin proqramlar nəticəsində regionlarda qazlaşdırma, elektrik təminatı, yol infrastrukturu və su təchizatı sahəsində ciddi irəliləyişlər əldə edilmiş, kənd yerlərində sosial rifahın yüksəldilməsi üçün əlverişli şərait yaradılmışdır. Xüsusilə, Taxtakörpü, Şəmkirçay və digər iri su anbarlarının tikilməsi kənd təsərrüfatında su təminatının yaxşılaşdırılmasına və məhsuldarlığın artmasına mühüm təsir göstərmişdir.

Əvvəllər əsas məqsəd torpaqların becərilməsi üçün şərait yaratmaq idisə, indi prioritet istehsalın səmərəliliyini və keyfiyyətini artırmaqdır. Azərbaycanda kənd təsərrüfatı qida istehsalı ilə yanaşı, dövlətin bir neçə strateji məqsədi ilə birbaşa bağlıdır.

Birincisi, bu, ərzaq təhlükəsizliyi ilə bağlıdır. Son illərdə baş verən qlobal böhranlar, təchizat zəncirlərindəki fasilələr, müharibələr və iqlim dəyişikliyi göstərdi ki, ölkələr üçün yalnız idxala etibar etmək getdikcə çətinləşir. Daxili istehsalın səviyyəsi nə qədər yüksəkdirsə, iqtisadiyyat bir o qədər dayanıqlı olur.

İkincisi, kənd təsərrüfatı sektoru regional inkişafda mühüm rol oynayır. Kənd yerlərində yaşamaq və işləmək imkanı böyük şəhərlərə miqrasiyanı azaldır və daha balanslı ərazi inkişafı üçün şərait yaradır.

Üçüncüsü, kənd təsərrüfatı mühüm ixrac sektoruna çevrilir. Azərbaycan meyvə-tərəvəzləri, fındıq, pambıq, şərab və digər məhsullar artıq beynəlxalq bazarlarda mövcuddur və "Made in Azerbaijan" brendi tədricən öz mövqeyini möhkəmləndirir.

Dövlət tərəfindən pambıqçılıq, üzümçülük, fındıqçılıq və digər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində qəbul edilən proqramlar aqrar istehsalın genişlənməsinə səbəb olmuşdur. Pambıq istehsalının əvvəlki illərlə müqayisədə dəfələrlə artması, baramaçılığın yenidən bərpası və kənd təsərrüfatı məhsullarının ixrac potensialının yüksəlməsi həyata keçirilən siyasətin müsbət nəticələri kimi qiymətləndirilir. Müşavirədə ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət ayrılmışdır. Bildirilmişdir ki, bəzi məhsullar üzrə özünü təminetmə səviyyəsi yüksək olsa da, xüsusilə buğda istehsalı sahəsində idxaldan asılılıq qalmaqdadır. Cənab İlham Əliyev  çıxışı zamanı, Azərbaycanda buğda üzrə özünü təminetmə səviyyəsinin aşağı olması strateji baxımdan qəbuledilməz hesab edərək bildirib ki, “Buğda istehsalı. Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır”.

Bununla yanaşı, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə istehsalı üzrə göstəricilər müsbət qiymətləndirilmiş, ixrac imkanlarının genişləndirilməsi vacib hesab olunmuşdur.

Kənd təsərrüfatının inkişafında dövlət dəstəyi mexanizmləri mühüm əhəmiyyət daşıyır. Subsidiyalar, güzəştli kreditlər, gübrə və yanacaq güzəştləri fermerlərin fəaliyyətinin stimullaşdırılmasına xidmət edir. Bununla yanaşı, subsidiya mexanizmlərinin daha çevik və nəticəyönümlü formada tətbiq olunmasının vacibliyi vurğulanmışdır. Dövlət dəstəyi yalnız daxili bazarın təmin olunmasına deyil, həm də ixrac potensialının artırılmasına yönəldilməlidir.

Ölkə başçımız çıxışında aqrar sahədə innovativ texnologiyaların tətbiqi məsələləri də ön plana çəkərək vurğuladı ki: “ Təbii ki, hər bir sahə üzrə dəqiq analiz aparılarkən onun elektron versiyası, müxtəlif dəqiqləşdirmə üsulları, yeni texnologiyalardan istifadə edilməlidir, o cümlədən süni intellekt, peyk imkanları, yerlərdə aparılan tədqiqat”. Beləliklə, süni intellekt, peyk texnologiyaları, elektron torpaq analizləri və müasir suvarma sistemlərinin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması və resurslardan daha səmərəli istifadə baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda torpaq sahələrinin elektron pasportlaşdırılması və rayonlaşma prinsiplərinin tətbiqi aqrar planlaşdırmanın daha effektiv təşkilinə imkan yaradır.

Su təhlükəsizliyi və müasir suvarma sistemləri kənd təsərrüfatının inkişafında əsas strateji istiqamətlərdən biridir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən su layihələri, yeni kanalların və su anbarlarının tikilməsi gələcəkdə yüz minlərlə hektar torpaq sahəsinin su ilə təmin edilməsinə imkan yaradacaqdır. Müasir suvarma sistemlərinin genişləndirilməsi məhsuldarlığın artırılması və kənd təsərrüfatının intensiv inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Nəticə etibarilə, Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Aqrar sahədə həyata keçirilən islahatlar, infrastruktur layihələri və yeni Dövlət Proqramı ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, regionların inkişafı və qeyri-neft sektorunun genişləndirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır. 2026–2030-cu illəri əhatə edəcək yeni inkişaf proqramı kənd təsərrüfatının daha modern və dayanıqlı inkişaf modelinə keçidini təmin edən əsas mexanizmlərdən biri olacaqdır. Beləliklə,  Azərbaycan kənd təsərrüfatının milli təhlükəsizliyin, iqtisadi dayanıqlığın və ixrac potensialının eyni vaxtda elementi kimi qəbul edildiyi yeni kənd təsərrüfatı inkişaf modelinə keçir. Prezident İlham Əliyev kənd təsərrüfatı sektorunun inkişafının yeni mərhələsini - infrastrukturun bərpasından və fermerlərə dəstəkdən texnoloji modernləşməyə və ölkənin tam ərzaq təhlükəsizliyinə qədər - müəyyən etdi.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor