Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə 3-4 iyun 2026-cı il tarixlərində “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək.
“İki sahil” xəbər verir ki, konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Qərbi Azərbaycana qayıdış konsepsiyası milli ideyanın inkişaf mərhələsi kimi beynəlxalq hüquq normaları kontekstində qiymətləndiriləcək. Konfransda həmçinin humanitar və mədəni irsin qorunması məsələləri, qayıdış ideyasının sülh və regional sabitliklə uzlaşan konseptual model kimi təqdim edilməsi, milli ideyanın müasir mərhələdə dövlətçilik, suverenlik və tarixi ədalət prinsipləri əsasında yenidən şərh olunması istiqamətində əldə edilmiş elmi nəticələr beynəlxalq müstəvidə müzakirə olunacaq, habelə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların qayıdış hüququnun normativ əsasları elmi baxımdan təhlil ediləcək.
BDU və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” I Beynəlxalq elmii konfransı Qərbi Azərbaycana qayıdış mövzusunun beynəlxalq elmi diskursda daha geniş yer almasına, elmi əməkdaşlıqların genişlənməsinə mühüm töhfə veməyi hədəfləyir.
Konfransda “Qayıdış və regionun yeni sülh arxitekturası”, “Qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində”, “Tarixi yaddaş və milli kimlik” mövzularında 3 panel sessiyanın keçirilməsi nəzərdə tutulub. Konfrans öz işini iyunun 4-də Bakı Dövlət Universitetində “Qərbi Azərbaycan və tarixi yaddaş”, “Qərbi Azərbaycana qayıdışın hüquqi çərçivəsi”, “Qayıdış diskursunda regional təhlükəsizlik: müasir baxışlar və strateji yanaşmalar”, “Mədəni irs və mənəvi yaddaş: dil, folklor, mətbuat, kitablar və intellektual mühit”, “Qərbi Azərbaycan – “yaşıl” Vətən” adlı 5 bölmə iclası ilə davam etdirəcək. Bölmə iclaslarında 100-dək məruzə dinləniləcək.