02 iyun 2026 16:14
210

Sülh prosesinin taleyi İrəvanın hansı siyasi kursu seçəcəyindən asılı olacaq

“Azərbaycanla Ermənistan arasında sülh prosesinin taleyi Ermənistan parlamentində hansı siyasi qüvvənin neçə mandat qazanacağından daha çox, seçkilərdən sonra İrəvanın hansı siyasi kurs seçəcəyindən asılı olacaq. Nəzərə alaq ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni tam razılaşdırılıb və ötən ilin avqustunda Vaşinqton şəhərində xarici işlər nazirləri tərəfindən paraflanıb. Rəsmi Bakı dəfələrlə bəyan edirdi ki, prosesin qarşısında qalan əsas maneələr Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının saxlanılması və ATƏT-in Minsk qrupunun formal olaraq ləğv edilməməsidir. Artıq Vaşinqton razılaşmalarına uyğun olaraq Minsk qrupu rəsmi olaraq ləğv edilib. Əgər Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər də edilsə, sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayacaq”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, hazırda Ermənistanda seçkiqabağı atmosfer son dərəcə gərgindir. Lakin əsas məqam ondan ibarətdir ki, bu seçki kampaniyası artıq, sadəcə parlament mandatları uğrunda siyasi partiyaların mübarizəsi deyil. Əslində, Ermənistan cəmiyyəti dövlətin gələcək inkişaf modelini müəyyənləşdirəcək seçim qarşısındadır.  Onun sözlərinə görə, bu gün Ermənistanda siyasi mübarizə aparanları təsnifatlaşdırsaq, deyə bilərik ki, bir tərəfdə yeni regional reallıqların qəbul edilməsi, qonşularla münasibətlərin normallaşdırılması və daimi qarşıdurma siyasətindən imtina xətti dayanır. Digər tərəfdə isə, hələ də keçmişin siyasi mifləri ilə yaşayan və ölkəni yenidən təhlükəli revanşizm siyasətinə qaytarmağa çalışan qüvvələr var. 
Millət vəkilinin fikrincə, seçki kampaniyası qarşılıqlı ittihamlar, informasiya mübarizəsi, siyasi qalmaqallar və gərginlik fonunda keçir. Bu isə göstərir ki, Ermənistanın siyasi sistemi hələ də dərin böhran vəziyyətindən çıxa bilməyib. Bununla yanaşı, mühüm bir tendensiya da müşahidə olunur. Hakimiyyətə qarşı narazılıq yüksək olsa da, erməni cəmiyyətində revanşist ritorikadan və radikalizmdən ciddi yorğunluq hiss olunur. Bir çox vətəndaş Paşinyanı tənqid etsə də, köhnə siyasi elitanın hakimiyyətə qayıdışından ehtiyat edir. 

Deputat onu da qeyd edib ki, seçkilərdə Rusiyayönümlü qüvvələr Moskvanın dəstəyini almağa çalışır: “Biz müşahidə edirik ki, seçki ərəfəsində Rusiya ənənəvi alətlərdən istifadə edir. Bunlar siyasi təzyiq, informasiya kampaniyaları, Rusiyaya yaxın siyasi dairələrin dəstəklənməsi və Ermənistanın iqtisadi asılılığının xatırladılmasıdır. Amma bu alətlərin effektivliyi əvvəlki kimi deyil. Əksinə, bəzi hallarda Moskvanın sərt təzyiqləri Paşinyanın mövqelərini gücləndirir. Çünki hakimiyyət bunu Ermənistanın suverenliyinin müdafiəsi kimi təqdim etməyə çalışır. Digər tərəfdən, Rusiyanın Ermənistanda arxalandığı siyasi qüvvələr də geniş ictimai dəstəyə malik deyil”.

“Azərbaycan üçün isə əsas məsələ gələcək baş nazirin kimliyi deyil. Əsas sual budur: Ermənistan siyasi sistemi ölkəmizə qarşı ərazi iddialarından birdəfəlik imtina etməyə, Konstitusiyaya dəyişiklik etməyə və beynəlxalq hüquq prinsipləri əsasında sülh prosesini başa çatdırmağa hazırdırmı? Məhz bu, seçkilərin əsas nəticə göstəricisi olacaq”,-deyən Sevinc Fətəliyeva əlavə edib ki, əgər seçkilərdən sonra Nikol Paşinyan hakimiyyətdə qalarsa, sülh prosesinin davam etməsi ehtimalı daha yüksək görünür. Çünki bütün tənqidlərə baxmayaraq, məhz Paşinyan hakimiyyəti son illərdə Ermənistanın əvvəlki siyasi xəttinin iflasa uğradığını etiraf edən ilk hökumət olub. Məhz onun dövründə Azərbaycanla sərhədlərin delimitasiyası istiqamətində addımlar atılıb, ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı bəyanatlar səsləndirilib və sülh müqaviləsi üzrə danışıqlarda müəyyən irəliləyiş əldə olunub.

Deputat xatırladıb ki, bütün hallarda Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: “Bakı sülh müqaviləsinin imzalanmasında maraqlıdır, lakin bu sənəd hüquqi və siyasi baxımdan dayanıqlı olmalıdır. Bu isə Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını, revanşizm siyasətindən imtinanı və regionda yeni münasibətlər sisteminin formalaşdırılmasını tələb edir. Ona görə də seçkilərin əsas nəticəsi parlamentdə mandatların bölgüsü deyil. Əsas nəticə Ermənistanın, hansı siyasi seçimi edəcəyidir: gələcəyə baxan dövlət olmaq, yoxsa keçmişin məğlub olmuş layihələrinə bağlı qalmaq. Məhz bu seçim Azərbaycan-Ermənistan sülh prosesinin gələcəyini və perspektivlərini müəyyən edəcək”.